“Qəzza və İranda bəzi insanların ölüm siyahısına bir general deyil, süni intellekt tərəfindən əlavə edildiyi məlum olub”.
Turkustan.az xəbər verir ki, bu barədə türkiyəli bloger Duygu Arslan məlumat yayıb.
Onun sözlərinə görə, bu, 2020-ci illərin müharibə reallığıdır:
“İsrail ordusunun son illərdə süni intellekt vasitəsilə hədəfləmə sistemlərindən istifadə etdiyi bildirilir, lakik bu, açıq şəkildə müzakirə olunmur.
“Microsoft Azure” qalmaqalını və İsrailin “8200” bölməsinin mülki məlumatları necə topladığı ilə bağlı iddiaları xatırlayın. Məhz həmin böyük məlumat arxivindən 28 fevral əməliyyatında iranlı rəsmilərin sığınacaqları, mobil vərdişləri və əlaqə şəbəkələrini müəyyən etmək üçün istifadə edildiyi deyilir. İran isə buna kiberhücumlarla cavab verməyə çalışır, İsrailin ödəniş sistemlərini və bölgədəki ABŞ bazalarının rəqəmsal infrastrukturunu hədəf alır”.
D.Arslan qeyd edib ki, İsrailin əlində olan sistemlər dəhşətlidir:
“Bunlardan biri “Lavender” adlanır. Bu sistem telefon məlumatlarını, sosial media əlaqələrini və ünsiyyət şəbəkələrini analiz edərək insanlara risk balı verir. Yəni alqoritm həmin şəxsi potensial hədəf kimi qiymətləndirir. Minlərlə insanın bu şəkildə işarələndiyi iddia olunur.
Digər sistem “Where is Dad?” adlanır. Bunun vasitəsilə insanların harada olduqları izlənilir, evdə olduqları vaxt müəyyən edilir və hücumların buna uyğun planlaşdırıldığı bildirilir. “Gospel” adlı başqa bir sistem isə binaları hədəf siyahısına əlavə edir. Peyk görüntüləri, dron məlumatları və siqnal kəşfiyyatı birləşdirilərək potensial hədəf bazası yaradılır. Beləliklə, yalnız insanlar deyil, məkanlar da alqoritmlər tərəfindən seçilir”.
Bloger qeyd edib ki, ən diqqət çəkən vasitələrdən biri isə “NSO Group” tərəfindən hazırlandığı deyilən “Pegasus” casus proqramıdır:
“İddialara görə, bu proqram telefonlara sızaraq mikrofonu aktivləşdirə, mesajları oxuya və istifadəçinin yerini izləyə bilir. “Pegasus”un Meksikadan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ), hətta Avropaya qədər bir çox ölkədə istifadə olunduğu bildirilir. Bu səbəbdən İsrailin kiber gücü həm silah, həm də siyasi təsir vasitəsi kimi qiymətləndirilir.
Bütün bunlar bizə də birbaşa təsir edir. Bank məlumatları, dövlət qurumlarının kibertəhlükəsizlik sistemləri və üz tanıma texnologiyaları bu cür şəbəkələrlə əlaqəlidirsə, rəqəmsal təhlükəsizlik artıq milli təhlükəsizlik məsələsinə çevrilir. Əvvəllər torpaq itirilirdi, indi isə məlumat itirilir və bunu qaytarmaq çox çətindir. Bir vaxtlar “məlumat yeni neftdir” deyirdilər, amma görünür, artıq yeni mərmidir”./Globalinfo.az