Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya ilə müharibəyə son qoymaq məqsədilə gələn həftə daha bir danışıqlar raundu keçirmək təklifini qəbul etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə “Bloomberg” agentliyinə müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, sülh danışıqlarının növbəti mərhələsi çərşənbə axşamı və ya çərşənbə günü keçirilə bilər. Lakin Rusiyanın ABŞ-də baş tutacaq bu görüşə qatılıb-qatılmayacağı hələlik məlum deyil.
Müzakirə olunan məsələlərdən biri ABŞ-ın Donetsk vilayətinin şərqində bufer zona kimi azad iqtisadi zona yaradılması təklifidir. Zelenski bildirib ki, həm Ukrayna, həm də Rusiya bu ideyaya ehtiyatla yanaşır.
“Tərəflərdən heç biri – nə ruslar, nə də biz azad iqtisadi zona ideyası ilə maraqlanmırıq. Bu məsələdə fərqli baxışlarımız var. Razılıq belə idi ki, növbəti görüşə onun necə görünə biləcəyi ilə bağlı konkret baxışla qayıdaq”, – deyə Zelenski Kiyevdən telefonla verdiyi müsahibədə qeyd edib.
O əlavə edib ki, bufer zonaya kimin nəzarət edəcəyi məsələsində ABŞ mövqeyini dəqiqləşdirməlidir: “Əgər bu, bizim ərazimizdirsə və bu, həqiqətən də bizim ərazimizdir, o zaman həmin ərazini ona sahib olan ölkə idarə etməlidir.”
Aytən Yaşar/ Turkustan.az