Tramp əsas adamını Bakı və İrəvana göndərir – Regionda MÜHÜM PROSESLƏR


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin gələn ay Azərbaycan və Ermənistana planlaşdırılan səfəri regionda gedən siyasi və iqtisadi proseslər fonunda xüsusi diqqət çəkir. ABŞ Prezidenti Donald Tramp səfərin əsas məqsədinin sülh səylərinin inkişaf etdirilməsi və TRIPP marşrutunun irəlilədilməsi olduğunu açıqlayıb.

Vaşinqtonun ikinci ən yüksək səviyyəli rəsmisinin bölgəyə səfəri hansı siyasi və strateji mesajları verir? Səfər çərçivəsində hansı sənədlərin imzalanması gözlənilir?

Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Vensin səfəri bölgədə siyasi və iqtisadi dinamikanın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır:

“Vitse-prezident səviyyəsində səfərlər yüksək diplomatik prioritetin göstəricisidir. Bu səfər xüsusilə sülh təşəbbüsləri və iqtisadi inteqrasiya layihələrinin dəstəklənməsi üçün strateji mesaj verir və Vaşinqtonun Cənubi Qafqazdakı maraqlarının ön planda olduğunu göstərir.

Səfərin diqqət mərkəzində TRIPP marşrutunun dayanacağı şübhəsizdir. Bu layihənin inkişafı Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarını artırmaq, regional ticarət dəhlizlərini gücləndirmək və beynəlxalq investisiyaları cəlb etmək baxımından kritik əhəmiyyət kəsb edir. ABŞ üçün isə TRIPP həm də geosiyasi və strateji alətdir. Belə ki, layihə vasitəsilə Vaşinqton həm Avropaya enerji və nəqliyyat alternativləri təqdim etməklə təsir dairəsini genişləndirmək imkanı əldə edir, həm də Rusiya və digər xarici aktorların regiondakı təsirini balanslaşdırmış olur. TRIPP ABŞ-ın transregional iqtisadi təsirini artırmaq, Çin və digər qlobal oyunçuların nəqliyyat-logistika dəhlizlərindəki rolunu izləmək və strateji tərəfdaşlarla əməkdaşlığı dərinləşdirmək üçün bir vasitə kimi qiymətləndirilir”.

Politoloq qeyd edib ki, 2026-cı ilin siyasi konteksti səfərin əlavə əhəmiyyətini ortaya qoyur:

“Tramp administrasiyasının regiona diqqəti enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və geosiyasi sabitlik kimi sahələrdə prioritetləşir. Odur ki, yenə təkrar edirəm, ABŞ üçün bu səfər yalnız iqtisadi təşəbbüslərin dəstəklənməsi deyil, eyni zamanda Rusiya və digər xarici aktorların təsir dairəsinin balanslaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Bütün bu sadalananlar üçün isə regionda sülh vacib şərtdir və ABŞ bunu yaxşı başa düşür”.

R.Bayramov deyib ki, səfər çərçivəsində sənədlər imzalana bilər:

“Bu, əsasən iqtisadi və nəqliyyat sahəsindəki çərçivə sazişləri, yəni TRIPP marşrutunun inkişafı, yol və dəmiryolu infrastrukturlarının modernləşdirilməsi, logistika layihələrinin dəstəklənməsi, eləcə də regional əməkdaşlıq, qarşılıqlı investisiya, enerji və ticarət sahələrində konkret addımları təşviq edən sənədlər ola bilər.

Odur ki, ABŞ vitse-prezidentinin səfərini həm siyasi, həm də iqtisadi diplomatiyanın sintezi kimi təqdim etmək daha düzgün olar. Bu səfər ABŞ-ın regiondakı aktiv iştirakını nümayiş etdirmək, eləcə də sülh, sabitlik və iqtisadi inteqrasiyaya dəstək vermək baxımından mühüm səfər olaraq qiymətləndirilə bilər”.


MANŞET XƏBƏRLƏRİ