Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın Avropanı dəniz, hava və kiber sahələrdə hər gün sınaqdan keçirdiyindən xəbərdar olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Latviyanın paytaxtı Riqada latviyalı həmkarı Baiba Braje ilə birgə mətbuat konfransında çıxış edən Vadeful Baltik dənizi regionunun uzun müddətdir ortaq təhlükəsizliyin mərkəzində olduğunu vurğulayıb.
“Burada baş verənlər bütün Avropanı narahat edir”, – deyən nazir əlavə edib ki, bu bölgədə qətiyyətli və dözümlü mövqe nümayiş etdirilərsə, bütün Avropanın təhlükəsizliyi təmin oluna bilər.
Vadeful Avropa Birliyi (AB) və NATO ölkələrinin eyni təhlükəsizlik prioritetlərini bölüşdüyünü qeyd edərək bildirib: “Çünki bilirik ki, Rusiya bizi hər gün sınaqdan keçirir – dənizdə, havada və kiberməkanda”.
Nazir hibrid təhdidlərin və kritik infrastruktura yönəlmiş hücumların cəmiyyətləri sabitsizləşdirmək və birliyi zəiflətmək məqsədi daşıyan strategiyanın tərkib hissəsi olduğunu vurğulayıb. O, bu təhdidlərə qarşı infrastrukturu daha effektiv qorumağın və Rusiyaya qarşı kollektiv şəkildə daha güclü təzyiq göstərməyin vacibliyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az