İranda artan etirazlar və güclənən xarici təzyiqlər fonunda Milli Təhlükəsizlik üzrə Ali Şuranın fövqəladə iclası keçirilib.
Turkustan.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, toplantıda ölkənin üzləşdiyi risklər və mümkün inkişaf ssenariləri müzakirə olunub.
Şura üzvləri mövcud vəziyyəti “yaşamaq uğrunda mübarizə” kimi dəyərləndirərək, etirazların minimum güc tətbiqi ilə necə nəzarətdə saxlanıla biləcəyini müzakirə ediblər. Hakimiyyət daxilində əsas məqsədin daxili sabitliyi qorumaq və vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq olduğu bildirilir.
Eyni zamanda iclasda mümkün eskalasiya riskləri, eləcə də xarici təhlükələrə verilə biləcək cavab variantları da gündəmə gətirilib. Müzakirələrin detalları açıqlanmasa da, prosesin İran rəhbərliyi üçün kritik mərhələyə daxil olduğu vurğulanır.
Rəsmi Tehran toplantının nəticələri ilə bağlı hələlik ictimai açıqlama verməyib. Beynəlxalq müşahidəçilər isə İran ətrafında vəziyyətin daha da gərginləşə biləcəyini istisna etmirlər. /Musavat.com/