ABŞ-ın Ukraynaya “Tomahawk” raketləri verəcəyilə bağlı yayılan xəbərdlər Rusiya ilə yanaşı, müttəfiqi Belarusu da narahat etməyə başlayıb.
Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko məsələyə münasibət bildirərək, sözügedən raketlərin verilməsinin nüvə müharibəsinə gətirib çıxaracağını bəyan edib:
“Heç bir “Tomahawk” raketi Ukraynadakı münaqişəni həll etməyəcək, əksinə vəziyyəti nüvə müharibəsi həddinə çatdıracaq”.
O qeyd edib ki, rusiyalılar və onların rəhbərliyi Ukraynada sülhün bərqərar olmasında maraqlıdır.
Bu günə qədər “Tomahawk”larla bağlı məsələyə ancaq rusiyalı rəsmilər münasibət bildirirdi.
Ancaq indi göründüyü kimi, Kremlin müttəfiqi Lukaşenko da məsələ ilə bağlı münasibət sərgiləyərək, təhdid dili ilə danışıb. Bu isə ilk belə hal deyil. Daha əvvəl də Lukaşenkonun oxşar bəyanatlarına rast gəlinib.
Rusiya yenə də Lukaşenkonun dili ilə dünyanı təhdid edir?
Mözvu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, Lukaşenkonun fikirlərini təhdid kimi qiymətləndirmək olar:
“Məlumdur ki, ABŞ Prezidenti Donald Tramp Rusiya müharibəni dayandırmayacağı təqdirdə, Ukraynaya “Tomahawk” raketlərinin verilə biləcəyilə bağlı bir mövqe sərgiləyib.
“Tomahawk” raketlərinin verilməsilə təbii ki, Ukrayna Rusiyanın dərinliklərini vurmaq imkanı əldə edəcək. Məsələnin gündəmdə olması isə Rusiya ilə yanaşı, onun müttəfiqlərini, konkret halda Belarusu da ciddi şəkildə narahat edib. Ona görə də Belarus lideri Lukaşenko həmin raketlərin verilməsinin nüvə müharibəsinə gətirib çıxaracağını bildirib”.
Deputat qeyd edir ki, Lukaşenko raketlərlə bağlı Trampa da mesaj ünvanlayıb:
“Belə ki, Lukaşenko “Tomahawk”la bağlı səsləndirdiyi fikrinin ardınca Trampın həmin raketləri Ukraynaya verməkdə tələsməyəcəyinə inanmaq istədiyini də bəyan edib. Çünki bu müharibənin bitməsinə deyil, onun fikrincə, eskalasiyanın daha da dərinləşməsinə səbəb olacaq.
Belədə, Lukaşenko da faktiki olaraq qarşı tərəfi nüvə müharibəsilə təhdid edib”.
Deputatın fikrincə, Belarus liderinin belə bir açıqlama ilə çıxış etməsi əslində təbii və gözləniləndir:
“Belarus faktiki olaraq Rusiya ilə bir birlikdə təmsil olunur. Belədə onun Moskvanı dəstəkləməsi gözlənilən idi. O da fərqindədir ki, “Tomahawk” raketlərinin verilməsi müharibədə vəziyyətin Ukraynanın xeyrinə dəyişməsinə səbəb ola bilər. Bu isə Lukaşenkonun da maraqları xaricindədir. Ona görə Lukaşenkonun açıqlamasını təhdid kimi də qəbul etmək olar.
Daha əvvəl, Rusiya rəsmiləri, xüsusən də keçmiş prezident Dmitri Medvedev dəfələrlə dünyanı nüvə silahından istifadə edəcəklərilə təhdid edib. Nəticədə müharibə dayanmasa, vəziyyətin gərginləşməsi və daha da dərinləşməsi ehtimalı kifayət qədər böyükdür”.