"Ötən həftə İran dövlət televiziyasının birinci kanalı ilə "Hörümçəyin gizli yuvası" adlı, təqribən, yarım saatlıq sənədli film nümayiş etdirilib. Filmdə İran kəşfiyyatının (ETTELAAT) İsraildə həyata keçirdiyi mürəkkəb əməliyyatlar nəticəsində əldə olunduğu iddia edilən çoxsaylı məxfi sənədlər və məlumat bazası təqdim edilib".
Bu barədə məlumat "Azad İran" "Telegram" kanalının "YouTube"da yerləşdirilmiş növbəti videosüjetində yer alıb.
Film ETTELAAT-ın rəhbəri İsmayıl Xətibin giriş nitqi ilə açılır, daha sonra nazirin danışığı sözügedən sənədlərin görüntüləri ilə müşayiət olunur.
O deyir:
"İmam Zamanın gizli əsgərləri mürəkkəb kəşfiyyat-əməliyyat tədbirləri nəticəsində İsrailin gizli məkanlarının dərinliklərinə nüfuz edərək, sionist rejimin müxtəlif nüvə, hərbi, kəşfiyyat və elmi xarakterli məxfi məlumatlarını əldə ediblər. Bu gün həmin məlumatların yalnız bir qismindən söhbət açılır".
Lakin İranın hökumət mediasının geniş təbliğ etdiyi bu filmin nümayişindən cəmi bir neçə saat sonra İran kəşfiyyatı əməlli-başlı rüsvay olub, çünki filmdə məxfi sənəd kimi təqdim olunan şəkil və görüntülərin bir çoxunun internetdə və açıq mənbələrdə mövcud olduğu üzə çıxıb. Məlum olub ki, filmdə müxtəlif layihələr, o cümlədən nüvə silahı sahəsində SARAF adlı layihə barədə göstərilənlər internet resurslarında, hətta "Wikipedia" kimi məşhur mənbələrdə yer alıb, üstəlik, onların bəzilərinin internet şəbəkəsində yerləşdirilməsi tarixi on ili keçib. Filmdə İsrailin nüvə obyektlərindən birinə aid olduğu iddia edilən təsvirin, əslində, Pakistana məxsus olduğu faktı xüsusilə geniş müzakirələrə səbəb olub. Üstəlik, filmdəki bəzi görüntülərin süni intellekt vasitəsilə yaradılmış feyk məlumatlar olduğu üzə çıxıb".
Daha ətraflı süjetdə: