Süleyman Sani Axundovun 150 illik yubileyi qeyd olundu


“Yubileylər silsiləsi” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında, A.Şaiq adına 2№-li kitabxana filialında dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq, XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olan Süleyman Sani Axundovun 150 illik yubileyi qeyd olundu.

Mərkəzi Kitabxanada hazırlanan videoçarxda S.S.Axundovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, Süleyman Sani Axundov bir sıra mühüm vəzifələrdə işləmiş, Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak etmişdir. Bildirilir ki, yazıçı Qori müəllimlər seminariyasında təhsil aldıqdan sonra rus-tatar məktəbində müəllim təyin edilmişdir və ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında da iştirak etmişdir. Videoçarxda S.S.Axundovun xatirəsinin əbədiləşdirilməsi haqqında da məlumat verilir.

2 №-li kitabxana filialında “Qaraca qız” əsərinin müzakirəsi keçirilmişdir. Tədbirdə S.S.Axundovun milli maarifçiliyə verdiyi töhfələr, uşaq ədəbiyyatındakı yeri, tərbiyəvi əsərləri və xüsusilə “Qaraca qız” hekayəsi təhlil olunmuşdur. Müzakirə zamanı oxucular fikirləri ilə bölüşdülər, əsərin aktual və tərbiyəvi məqamlarından danışdılar.


MANŞET XƏBƏRLƏRİ