“Ramiz Əskər-Türk Dünyasına Xidmət Ödülü” daha bir qalibə təqdim edildi


Dr. Şəmsəddin Küzəçi: Türklüyə xidmət həyat amalımızdır

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi 2024-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Ramiz Əskər-Türk Dünyasına Xidmət Ödülü” təsis edilib. Bu da səbəbsiz deyil. Çünki türkçülüyə, türk dünyasına təmannasız xidmətin nümunəsini yaradan mərhum türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist Ramiz Əskər, həmçinin CASCFEN yenidən formalaşandan sonra ilk İdarə Heyətinin üzvü olub. Yəni, CASCFEN 2012-ci ildə fəaliyyətini yenidən qurduqdan və rəsmi qeydiyyatdan keçdikdən sonra formalaşan İdarə Heyətinin ilk üzvlərindən biri Ramiz Əskər olub.

Beləliklə, CASCFEN İdarə Heyətinin qərarı ilə ödül hər il üç istiqamət üzrə-ədəbiyyat və tarix, media və QHT sahəsində türk dünyasına xidməti olan şəxslərə təqdim ediləcək.

Eyni zamanda, 2025-ci ilin mayında ilk qaliblər mükafatlandırılıb. Həmin qaliblərdən biri – Kərkük türklərinin səsini dünyaya çatdıran, eyni zamanda bir jurnalist kimi də türklük ülküsünə xidmət edən Dr. Şəmsəddin Küzəçidir. Lakin təqdimat zamanı Ş.Küzəçi Azərbaycanda olmadığı üçün onun mükafatı oktyabrın 2-də Bakıya növbəti səfəri çərçivəsində təqdim edilib.

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Şəkildə Azər Həsrət (sağda), Dr. Şəmsəddin Küzəçi (ortada) və Nadir Azəri (solda)

Şəkildə Azər Həsrət (sağda), Dr. Şəmsəddin Küzəçi (ortada) və Nadir Azəri (solda)

Məlumata görə, təqdimat mərasimində CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, BAYRAQDAR MEDİA-nın qurucusu və baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət iştirak edib. Xatırladaq ki, Azər Həsrət həm də “Ramiz Əskər-Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərinin müəyyən edilməsi üçün yaradılmış Münsiflər Heyətinin üzvüdür.

Mərasimdə qısa məlumat verən N.Azəri deyib ki, mükafatlandırma üçün bəhs edilən üç sahənin seçilməsi təsadüfi deyil: “Çünki mərhum Ramiz müəllim həyatı boyunca, xüsusilə, bu üç sahədə türkçülüyə xidmət üçün mühüm işlər görüb”.

Azər Həsrət isə deyib ki, CASCFEN İdarə Heyəti Azərbaycan və Türk Dövlətləri Təşkilatının bayrağında olan 8 guşəli ulduzu əsas götürərək birinci il ümumilikdə 8 qalibin olmasına qərar verib: “Biz də münsiflər olaraq həmin 8 qalibi müəyyən etdik. Qaliblərdən biri də Kərkük türklərinin səsini dünyaya çatdırmaq istiqamətində mühüm işlər görən sizsiniz. Biz Münsiflər Heyətinin qərarı ilə sizi Media istiqaməti üzrə qalib elan etmişik”.

Sonra mükafat Dr. Şəmsəddin Küzəçiyə təqdim edilib.

Bu mükafatın onun üçün xüsusi önəm kəsb etdiyini deyən Dr. Şəmsəddin Küzəçi isə türklüyə xidmətin həyat amalı olduğunu bildirib. O, “bu mükafat həm də üzərimizə mühüm vəzifələr qoyur. Mərhum Ramiz Əskər kimi biz də həyatımızın sonuna kimi türk dünyasına xidməti davam etdirməliyik. Etimada görə, CASCFEN-ə minnətdarlıq edirəm” deyib.


MANŞET XƏBƏRLƏRİ