Rusiya Xarici İşlər naziri Sergey Lavrov İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi raket və hava zərbələrinin Yaxın Şərqdə sabitliyi daha da pozduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o, bu fikirləri Rusiyanın Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Strateji Dialoq çərçivəsində keçirilən plenar iclasında səsləndirib.
“Sentyabrın 11-də baş tutan görüşümüz, İsrailin sentyabrın 9-da Qətərin paytaxtı Dohaya endirdiyi raket və bomba zərbələrindən sonra bölgədə hərbi və siyasi gərginliyin kəskin artdığı bir kontekstdə keçirilir,” – Lavrov bildirib.
Nazir İsrailin bu addımını beynəlxalq hüququn, xüsusilə BMT Nizamnaməsinin kobud şəkildə pozulması, müstəqil dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bir akt kimi qiymətləndirib və əlavə edib:
“Bu cür hərəkətlər, şübhəsiz ki, ən sərt qınağa layiqdir.”
Qeyd edək ki, sentyabrın 9-da Dohada baş verən silsilə partlayışlardan sonra İsrail ordusu, HƏMAS nümayəndələrini hədəf aldığını açıqlayıb. Zərbələrin Hərbi Hava Qüvvələrinin və Baş Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı çərçivəsində həyata keçirildiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az