Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskini danışıqlar üçün Moskvaya dəvət etməsi birmənalı qarşılanmadı. Bu, Kreml rəhbərinin müharibənin bitməsinə razı olmaması, ikitərəfli danışıqlardan imtinası kimi dəyərləndirilir.
Digər tərəfdən isə ABŞ Prezidenti Donald Trampın Ukrayna prezidentinə Moskvaya getməsi üçün təzyiq göstərə biləcəyi deyilir.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, ötən günlərdə Böyük Britaniyanın təşəbbüsü ilə yaradılan “Ukraynanın dostları” qrupu 30-a yaxın dövlət başçısının iştirakı ilə Parisdə iclas keçirib:
“Toplantıda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edirdi. Aparıcı ölkə qismində isə Fransa çıxış edirdi. Görüşdə kifayət qədər ciddi məsələlər müzakirə olundu.
Əsas məqamlardan biri Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 26 dövlətin razılığının təsdiqlənməsi idi. Belə ki, Kiyev və Moskva arasında anlaşma əldə olunacağı təqdirdə, bu ölkələr öz hərbi kontingentlərini Kiyev ərazisinə yerləşdirə bilərlər. Qoşunların həmçinin Ukraynanın qərb bölgələrinə, Rusiya cəbhəsinə və Belarus sərhədinə də göndərilməsi də mümkündür. Kontingentin sayı 30-50 min arasında dəyişə bilər.
Almaniya kansleri də bir müddət əvvəl bəyan etmişdi ki, sülh müqaviləsi imzalandıqdan sonra Ukraynaya hərbi kontingent göndərməyə hazırdır. Lakin sonradan bu planın maddi yardımla əvəz olunacağını vurğulamışdı.
Buna baxmayaraq, son iclasda adı çəkilən 26 ölkə arasında Almaniyanın da yer aldığı qeyd olundu. Zelenski də təsdiqlədi ki, Almaniya hərbi kontingent göndərməyə razılıq verən ölkələr sırasındadır”.
Yusif Bağırzadə
Yusif Bağırzadə əlavə edib ki, Zelenski Rusiya Prezidenti Vladimir Putinin onu Moskvaya dəvət etməsinə də münasibət bildirib:
“Ukrayna prezidenti bu dəvəti qeyri-ciddi adlandırdı. Bildirdi ki, məqsəd həmin görüşün baş tutmamasıdır.
“Putin yaxşı bilir ki, mən Moskvaya getməyəcəyəm. Onunla ikitərəfli və ya üçtərəfli formatda görüşə hazıram, amma Moskvada yox,” – deyə o, qeyd etdi.
Zelenskinin fikrincə, Putin sadəcə vaxt qazanmağa çalışır.”
Politoloq bildirib ki, Vladimir Putin Çinə səfəri zamanı müharibə ilə bağlı mövqeyini açıqladı:
“Putin bəyan edib ki, Rusiya öz mövqeyindən geri çəkilməyəcək. İstanbul danışıqları zamanı Ukraynaya təklif olunan şərtlər hələ də qüvvədə qalır. Onun sözlərinə görə, müharibəyə səbəb olan amillər aradan qaldırılmalıdır. Həmçinin, Putin Zelenskinin legitim prezident hesab edilmədiyini və bu səbəbdən onun imzalayacağı hər hansı sənədin hüquqi qüvvəsinin olmadığını bildirib”.