Rusiya Federal Vergi Xidməti (FNS) vətəndaşların “dost olmayan” ölkələrdə əldə etdikləri gəlirlər üzərində genişmiqyaslı yoxlamalara başlayıb.
Turkustan.az xəbər verir ki, “Forbes”-un verdiyi məlumata görə, bu yoxlamalar yalnız 2024-cü illə məhdudlaşmır, həm də 2022 və 2023-cü illəri əhatə edir. Bu yoxlamaların arxasında Prezident Vladimir Putinin 2023-cü ilin avqust ayında 38 ölkə ilə ikiqat vergitutmanın qarşısını almaqla bağlı sazişləri dayandırmaq qərarı dayanır.
Mütəxəssislərin fikrincə, bu dəyişiklik vergi tətbiqlərində əsaslı dönüş yaradıb. Əvvəllər Rusiya həmin ölkələrdə ödənilən vergiləri müəyyən pozuntulara baxmayaraq nəzərə alırdı, lakin yeni sistemdə bu imkan aradan qalxıb.
FNS artıq vətəndaşlardan əlavə gəlir vergisi və faiz tələb edir, ikiqat vergitutma problemini isə mükəlləflərin öz üzərinə qoyur.Vergi mütəxəssisi Yekaterina Smolovaya bildirir ki, vətəndaşlardan öz günahsızlıqlarını sübut etmələri tələb olunur ki, bu yanaşma vergi qanunvericiliyi ilə ziddiyyət təşkil edir.
Yoxlamaların mərkəzində xüsusilə İsveçrə dayanır. Rusiya ilə İsveçrə arasında avtomatik məlumat paylaşımının dayandırılması bu ölkədəki hesabların həm valyuta nəzarəti, həm də vergi yoxlamaları baxımından təzyiq altına düşməsinə səbəb olub.
Bununla yanaşı, FNS yoxlamaları yalnız “dost olmayan” ölkələrlə məhdudlaşdırmır. “Dost” sayılan bölgələrdəki hesablar və nəzarət olunan xarici şirkətlər də araşdırmaya daxil edilir.Mütəxəssislər bildirirlər ki, vergi orqanları xaricdəki hesab məlumatlarını əldə etdikdən sonra birbaşa hesab hərəkətlərinə dair sənədlər tələb edərək pozuntuları müəyyən etməyə başlayıblar. /Cebheinfo.az/