Ukraynaya xarici qoşunlar yerləşdirilir? Zelenskidən diqqətçəkən açıqlama


Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinə minlərlə xarici hərbçinin göndərilməsi ilə bağlı avropalı tərəfdaşları ilə danışıqlar apardıqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski Ukraynanın Ujqorod şəhərində Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta ilə birgə mətbuat konfransında danışıb.

Jurnalistin Ukraynada 10 min xarici hərbçinin yerləşdirilməsi ilə bağlı sualını cavablandıran Zelenski: "Sayı deməyəcəyəm, amma bütün bunları müzakirə etməyimiz vacibdir. Bəli, bu, mütləq birliklərlə deyil, minlərlə olacaq" dedi.

Zelenski həmçinin ölkəsi üçün uzunmüddətli təhlükəsizlik təminatlarının verilməsinin vacibliyini bir daha vurğulayıb.

Ukrayna prezidenti bəyan edib ki, “İstəyənlər Koalisiyası”na daxil olan 35 ölkədən 26-sı quru, hava, dəniz, kiberməkan və maliyyə kimi sahələrdə təhlükəsizlik zəmanəti verməyə hazırdır.

2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri Aİ Rusiyaya qarşı 18 iqtisadi sanksiya paketi qəbul edib. Rusiyanın sülh danışıqlarında qeyri-səmimi olduğuna inanan Aİ diplomatik prosesi dəstəkləyərək 19-cu paket üzərində işləməyə davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ