Türkiyənin Diyarbakır vilayətində yerləşən neft quyularından birində baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Turkustan.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Hadisə gecə saatlarında Diyarbakır-Batman magistralına yaxın ərazidə, TPAO-ya (Türkiyə Neft Şirkəti) məxsus Üçtepe-1 neft quyusunda qeydə alınıb. Partlayışdan dərhal sonra ərazidə güclü yanğın başlayıb.
Əraziyə dərhal təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti həkim nəzarətindədir.
İlkin araşdırmalara əsasən, partlayışa qaz sızması səbəb olub. Sahədə çalışan işçilərin vaxtında müdaxiləsi nəticəsində neft vanası bağlanıb və yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır. /Musavat.com/