Sveyda əyalətində baş verən qanlı toqquşmalar İsrailin strateji planının ilk addımı kimi qiymətləndirilir.
Turkustan.az xəbər verir ki, Suriyanın cənubundakı Sveyda əyalətində druz milisləri tərəfindən törədilən silahlı toqquşmalar təkcə ölkədaxili qarşıdurma vətəndaş müharibəsi kontekstində qiymətləndirilmir. Bu hadisələr, eyni zamanda, İsrailin uzunmüddətli regional strateji planının icrasına doğru atılmış ilk addım kimi dəyərləndirilir.
İsrail tərəfindən dəstəkləndiyi iddia edilən druz separatçılarının lideri Hikmət əl-Haciriyə sadiq silahlı qrupların bir həftə ərzində yüzlərlə dinc sakini qətlə yetirməsi bölgədə gərginliyi təhlükəli şəkildə artırıb.
Suriyalı siyasi tədqiqatçı Amar əl-İsavi hesab edir ki, bu hadisələr "David dəhlizi" adlı genişmiqyaslı işğal planının başlanğıcıdır. Onun sözlərinə görə, bu layihə İsrailin Colan təpələrindən başlayaraq Fərat çayına qədər irəliləməsini hədəfləyir:
"Dürzilər bu planın yalnız bir alətidir. Sveyda üzərindən Dəra və Quneytra istiqamətində irəliləmək və nəticədə İsrail ordusu ilə birləşmək planlaşdırılır. Daha sonra Latakiyada üsyan baş qaldıracaq və YPG ilə Hasəkə-Dəra xətti qurularaq Türkiyə cənubdan mühasirəyə alınacaq."
Əl-İsavi əlavə edib ki, druz lideri Hikmət əl-Haciri Hizbullah vasitəsilə narkotik ticarəti yolu ilə illik 500 milyon dollardan çox gəlir əldə edir.
Türkiyə mətbuatında yer alan məlumatlara əsasən, Suriya ordusunun komandirlərindən olan Əbu Abdullah İsrailin Sveyda bölgəsində birbaşa iştirak etdiyini bildirib. Onun sözlərinə görə:
“Onlar davamlı olaraq səngərlərimizi və təchizat konvoylarımızı hədəf alaraq bombalayırlar. Bu, sadəcə druzlarla yox, İsraillə aparılan müharibədir.”
Əbu Abdullah iddia edir ki, Sveyda əyalətindəki hərbi əməliyyatların əsas məqsədi Latakiyanı Dəməşqdən ayırmaq və YPG ilə birgə cəbhə yaradaraq Türkiyə sərhədinə qədər uzanan yeni bir xətt qurmaqdır.
Aytən Yaşar/ Turkustan.az