Politoloq Şahin Cəfərli İran-İsrail müharibəsi ətrafındakı son vəziyyətlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Şahin bəy, İsrail-İran arasında qarşılıqlı hava hücumları nə vaxta qədər davam edə bilər? İkinci bir ssenarinin nədən ibarət olacağı ilə bağlı suallar səslənir. Sizcə, İsrail və onun müttəfiqi Amerika hərbi əməliyyatlarla nəyə nail olmaq istəyir?
- Əməliyyatların nə vaxt başa çatacağı qarşıya qoyulan vəzifələrdən və məqsədlərdən asılıdır. İsrailin Baş naziri Benyamin Netenyahu İranın nüvə proqramına son qoymaqla yanaşı, onun raket arsenalını məhv etmək, yəni ölkəsinə olan hərbi təhdidləri aradan qaldırmaqla bağlı məqsədlərinin olduğunu bəyan edib. Həmçinin o, baş tutsa İranda hakimiyyət dəyişikliyinə nail olmaq kimi bir məqsədi də açıqlayıb.
Hazırda İsrail aviasiyasi ilk iki vəzifənin yerinə yetirilməsi ilə məşğuldur. Yəni, İranın nüvə proqramına mümkün qədər zərər vurmaqla, onun raket bazalarını sıradan çıxarmaq, silahlanmasını məhdudlaşdırmaq istəyirlər. Amma bu vəzifələrə İsrail tək başına nail olmaqda çətinlik çəkir. Xüsusən İranın yeraltı nüvə obyektlərini sıradan çıxarmaq, onlara zərər vurmaq üçün İsrailin əlində yetərli hərbi vasitələr yoxdur.
İranın 80-90 metr yerın altında yerləşən Fordo nüvə zənginləşdirmə mərkəzini vurmaq üçün ABŞ-in hərbi əməliyyatlara qoşulması mütləqdir. Çünki İsrailin əlində o dərinlikdə olan obyekti vurmaq üçün vasitələri mövcud deyil. Bunlar Amerikanın əlində var. Bu səbəblə İsrail hər vəchlə ABŞ-ni hərbi əməliyyatlara qoşulmasına çalışır.
- Sizcə, ABŞ müharibəyə qoşulacaqmı?
- Amerika mətbuatında yayılan son məlumatlara əsasən, artıq ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlara qoşulmaq barədə qərar verdiyi, amma bunun icrasına hələ ki tələsmədiyi qeyd olunur. O gözləyir ki, bəlkə İran onun irəli sürdüyü şərtləri qəbul etməyə razılşacaq.
Əgər İran razılaşmasa, ABŞ-nin yaxın günlərdə hərbi əməliyyatlara qoşulması gözlənilir. Amerika hərbi əməliyyatlara qoşularsa, bu, İran üçün çox ağır nəticələr verəcək. Beləliklə, İranın nüvə obyektlərinin sıradan çıxarılması vəzifəsi İsrail üçün asanlaşacaq.
- İsrail İranın nüvə qabiliyyətini zəiflətməklə orada hakimiyyət dəyişikliyi də etmək niyyətində olduğunu bəyan edib. Hücumların təsiri fonunda İranda siyasi hakimiyyətin dəyişməsi mümkündürmü?
- Bu, çox mürəkkəb məsələdir. İndiki mərhələdə Amerikanın İranda hakimiyyət dəyişikliyi vəzifəsini qarşısına qoyub-qoymadığı bilinmir. Tramp Administrasiyası bu məsələdə Netenyahu ilə həmrəydir, ya yox, bu, hələlik məlum deyil.
Amma bu vəzifənin yerinə yetirilməsi üçün İsrailin təkbaşına gücü yetərli deyil. Təl-Əviv bu məsələdə də Ağ Evin köməyinə ehtiyac duyur. Ona görə də İranda siyasi hakimiyyət dəyişikliyi məsələsi daha çox Amerikanın İsrailə nə dərəcədə dəstək verəcəyindən asılıdır.
- Siyasi hakimiyyətin dəyişdirilməsi hansı yolla həyata keçirilə bilər? Buna İran cəmiyyətinin təpkisi necə olacaq?
- İranın ali dini lideri Əli Xameneini birbaşa hədəf alıb, onu aradan götürmək mümkündür. Əgər ABŞ və İsrail onu aradan götürsə, bunun avtomatik olaraq hakimiyyət dəyişikliyinə gətirəcəyinə əmin olmalıdır. Proseslərin hazırkı gedişində buna əmin olmaq mümkün deyil.
Ola bilsin, ali lider artıq öz varisini müəyyənləşdirib. Onun başına bir iş gələcəyi təqdirdə avtomatik həmin şəxs vəzifələrinin icrasına başlayacaq. Hətta ola bilsin, həmin şəxs Xameneidən daha gənc və daha enerjilidir. Yeni ali rəhbərin iş başına gəlməsi ABŞ və İsrail üçün əks nəticələr da yarada bilər. Yəni, yeni rəhbər rejim daxilində daha ciddi konsolidasiyaya da səbəb olar.
Bu baxımdan Amerika tərəfindən İranda siyasi sistemi dəyişikliyinə gedilib-gedilməməsi ilə bağlı konkret mövqe yoxdur.
- Suriya, İraq və Liviyada mərkəzləşmiş hökumət devrildikdən sonra baş verənlər fonunda İranda da oxşar hadisələrin yaşanamsı ehtimalı varmı? Çünki siyasi hakimiyyət dəyişikliyi baş verərsə, vətəndaş müharibəsinin olması ilə bağlı iddialar səslənir…
- İndidən bu mövzuya aid birmənalı fikir söyləmək çətindir. İrandakı proseslər Suriya və Liviyadakı kimi cərəyan edərsə, bu, çox ciddi problemlərə səbəb ola bilər. İran daxilində və region üçün açıq təhdidlər yaranar. Misal üçün, Suriyada mərkəzi hökumətin zəifləməsindən sonra faktiki olaraq ölkədə vətəndaş müharibəsi başladı, nəticədə yüz minlərlə insan bu qarşıdurmanın qurbanı oldu. On minlərlə insan isə ölkədən didərgin düşdü.
Bu kontekstdə bir Azərbaycan vətəndaşı kimi İranda belə vəziyyətin olmasını arzulamıram. Bu, Azərbaycan üçün də böyük risklər yaradar. Milyonlarla qaçqın dalğasının Azərbaycan-Türkiyə sərhəddinə yönəlməsi fonunda bu problemi həll etmək çətin olar. Təsəvvür edin ki, yüz minlərlə insan sərhədlərimizə toplaşır, onların da mütləq əksəriyyəti bizim soydaşlarımızdır. Bu halda onları sərhəddən buraxaq və ya buraxmayaq sualı yaranacaq.
Ona görə qətiyyən arzulanmır ki, İranda vətəndaş müharibəsi başlansın, bütün etnik qruplar bir-birinə qarşı dursun. Azərbaycan türkləri ilə farslar, kürdlər, ərəblərin bir-biri arasında yaranacaq problemin hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq mümkün deyil.
Amma hakimiyyət dəyişikliyi daha rəvan yolla həyata keçirilsə, İrandakı bütün etnik qrupların razılaşması əsasında yeni bir sistem qurula bilər. Federativ əsasda yeni bir İran Respublikasının qurulması ən optimal variant olar. Burada Azərbaycan türklərinin, kürdlərin, ərəblərin və digər etnik qrupların muxtariyyət hüququ təmin oluna bilər.
Məhz onların qarşılıqlı razılaşması əsasında yeni siyasi sistemin, İran dövlət quruluşunun formalaşması daha yaxşı variant olardı.