ABŞ prezidenti Tramp və İlon Mask arasındakı dostluq münasibətləri bir-birindən sərt bəyanatlarla zədələnib.
Turkustan.az xəbər verir ki, gərginliyin ardından Tesla səhmləri də ucuzlaşmağa başlayıb.
Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mersi qəbul edərkən Amerika ictimaiyyətinin gündəmini zəbt edən Maskın tənqidlərinə ilk dəfə cavab verib.
Maskın daha əvvəl tənqid etdiyi vergi endirimi qanun layihəsi ilə bağlı müsbət şərhlər verdiyini və etdiyi bir çox şeyi təriflədiyini qeyd edən Tramp, Maskın Ağ Evdən ayrıldıqdan sonra birdən-birə dəyişdiyini bildirib.
İlon Maskın elektrikli avtomobillər üçün nəzərdə tutulan təşviq endirimlərinin qaldırılmasından üzüldüyünü və reaksiyasının səbəbinin də bu olduğunu irəli sürən Tramp Maskın əvvəldən bu endirimlərin ləğv ediləcəyini bildiyini və məsələ ilə bağlı öz mövqeyinin heç vaxt dəyişmədiyini bildirib.
Tramp çıxışlarında "İlonu işdən çıxartdım. Elektrikli avtomobil mandatını qaldıracağımızı dedikdən sonra o, dəli oldu. Əgər pula qənaət etmək istəyiriksə, onun müqavilələrini hökumətdən ləğv edək" deyib.
Digər tərəfdən, ABŞ hökumətindəki vəzifəsindən ayrıldıqdan qısa müddət sonra ABŞ prezidenti Donald Trampa qarşı açıqlamalar verən İlon Mask ABŞ-da yeni partiya yaratmaq ideyası ətrafında müzakirələr açıb.
X platformasından sorğu yaradan Mask öz izləyicilərinə “Amerikada həqiqətən orta 80%-i təmsil edən yeni siyasi partiya yaratmağın vaxtı deyilmi?” sualını verib.
“Tramp cəmi 3,5 ildir ki, vəzifədədir, amma mən daha 40 ildir ki, buradayam”, – Mask deyib.
Trampın yalan danışdığını və bunun çox üzücü olduğunu bildirən Mask son paylaşımında "Böyük bombanı atmağın vaxtıdır. Tramp da Epstein fayllarındadır. Ona görə də bunu ictimaiyyətə açıqlamayıblar" deyərək təəccüblü bir iddia irəli sürdü.
Aytən Yaşar/ Turkustan.az