Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan İrəvanda keçirilən “Yerevan Dialoqu” beynəlxalq konfransı çərçivəsində Fələstin Dövlətinin xarici işlər və mühacirlər üzrə dövlət naziri, erməni əsilli doktor Varsen Ağabekyanla görüş keçirib.
Turkustan.az Ermənistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Ermənistan-Fələstin münasibətləri, həmçinin Cənubi Qafqaz və Yaxın Şərq regionundakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Fələstinli dövlət naziri görüş zamanı Qəzza zolağındakı son durumla bağlı rəsmi Ramallahın mövqeyini Ermənistan tərəfinə təqdim edib.
Qeyd edək ki, Varsen Ağabekyanın fələstinli nazirlər arasında xüsusi statusu var – o, erməni əsillidir və bu fakt artıq regionda heç kim üçün sirr deyil. Əksinə, bu, Ermənistanın Fəlıstin hpkumətinə təsir rıçaqlarından biri sayılır. Ümumi götürdükdə isə, Fələstinlə Ermənistan arasında tarixən və davamlı isti münasibətlər müşahidə olunub.
Musavat.com xatırladır ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı Fələstində yaşayan ermənilər Ermənistan tərəfində döyüşüb, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıblar. Üstəlik, Fələstin rəhbərliyi – istər Yasir Ərafat dövründə, istərsə də ondan sonra – hər zaman açıq və gizli şəkildə “erməni işini” dəstəkləyib.
Maraqlıdır ki, Azərbaycanın Fələstin məsələsində daim ədalətli mövqe tutmasına, Fələstin xalqının hüquqlarını beynəlxalq müstəvidə müdafiə etməsinə baxmayaraq, Fələstin dövləti heç zaman Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləməyib – nə bir müsəlman dövləti olaraq, nə də beynəlxalq təşkilatlar çərçivəsində.
Əksinə, bəzən Azərbaycanla İsrail arasında inkişaf edən münasibətləri qınayıb, bunu “müsəlman həmrəyliyinə zidd” kimi təqdim ediblər. Halbuki İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyan və ona real dəstək göstərən strateji müttəfiqlərdən biridir – xüsusilə müdafiə sənayesi, təhlükəsizlik və informasiya savaşlarında İsrailin rolu əvəzsizdir.
Bu baxımdan, erməni əsilli bir şəxsin fələstinli nazir kimi İrəvanda Ermənistan rəhbərliyi ilə eyni masa arxasında oturması, həm də rəsmi İrəvanın təbliğat platforması olan “Yerevan Dialoqu”nda çıxış etməsi Fələstinin bitərəf və ya dost mövqe tutmadığını bir daha sübut edir. /Musavat.com/