“2018-ci ilin aprelində mən üçüncü prezidentə (Serj sarkisyan-red.) hələ baş nazir olmayanda zəng etdim, amma onun hökumət başçısı olacağı artıq bəlli idi. Zəng etdim ona görə ki, müxtəlif insanlar, ortaq dostlarımız mənimlə əlaqə saxlayıb deyirdilər: sən nə fikirləşirsən, hər şey nəzarətdən çıxır”.
Turkustan.az xəbər verir ki, bi fikirləri Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan yerli KİV-lərə müsahibəsində bildirib.
"Zəng edib soruşdum ki, vəziyyəti necə qiymətləndirirsən? Çox sakit cavab verdi: problem yoxdur, hər şey nəzarətdədir. Bu məni təəccübləndirdi və soruşdum: əminsənmi? Sualı bir-iki dəfə təkrar etdim. Amma o, çox sakit cavab verdi: hər şey nəzarətdədir.
Bir neçə gündən sonra beş-altı gün keçmişdi – o istefa verdi. Mənə sakitcə deyiləndə ki, hər şey nəzarətdədir, hər şey yaxşıdır, nə etməliydim?”, - deyə Köçəryan Sarkisyanın istefası barədə danışarkən aldadıldığını bildirib.
Onun sözlərinə görə, həmin vaxtadək kifayət qədər uzun müddət idi ki, Sarkisyanla ünsiyyət qurmamışdı: “Amma o vaxtkı vəziyyəti nəzərə alaraq qərara gəldim ki, hər halda zəng edim.
İndi düşünürəm ki, vəziyyətə yanlış qiymət verilib. Mən daha heç nə deməyəcəyəm, amma danışmağa başlasam, daha çox söyləyəcəm", - Köçəryan Sarkkisyandan incikliyini açıq şəkildə biruzə verib.
Xatırladaq ki, Robert Köçəryan 9 aprel 1998-ci ildən 9 aprel 2008-ci ilədək (iki dönəm) Ermənistan prezidenti vəzifəsini tutub. 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident vəzifəsindən gedib. Onun yerinə isə müttəfiqi Serj Sarkisyan gəlib.
S.Sarkisyan 1993–1995-ci illərdə Ermənistanın müdafiə naziri işləyib. 1995–1996-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000–2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən 2 mart 2018-ci ilədək isə Ermənistan Respublikasının prezidenti olub.
2018-ci ildə onun prezidentlik müddəti başa çatıb. 17 aprel 2018-ci ildə Serj Sarkisyan Ermənistanın Baş Naziri seçilib. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etirazlardan sonra 23 apreldə istefaya getməyə məcbur olub.
O vaxtdan hakimiyyət Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasına keçib.
Serj Sarkisyan və Robert Köçəryan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə rəhbərlik ediblər, həmin qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak ediblər./modern.az