İran Prezidenti Məsud Pezeşkianın son açıqlaması ictimaiyyətdə maraqla qarşılanıb. Onun sözlərinə görə, Qərb ölkələri sabit neft tədarükünü təmin etmək üçün Yaxın Şərq dövlətlərini bir-birinə qarşı qoya bilərlər. Eyni zamanda bəzi ölkələrin enerji resurslarını regiondan sərfəli qiymətə almaq üçün hər şeyə hazır olduqlarına diqqət çəkib.
“Enerji resursları olmasa, Qərb ölkələri iflic vəziyyətə düşəcək. Onlar neftimizi alıb bizə silah vermək istəyirlər ki, bir-birimizlə döyüşə bilək”-deyə o qeyd edib.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, İran Prezidentinin son açıqlaması ABŞ-ın keçmiş prezidenti Donald Trampın Yaxın və Orta Şərqə səfərinə cavab xarakteri daşıyır:
“Səsləndirilən fikirlər maraqlıdır. Artıq bir əsrə yaxındır ki, region Qərbin əsas enerji tədarükçülərindən biridir. Dünyadakı enerji resurslarının təxminən 45 faizi məhz Bəsrə körfəzi ətrafında cəmləşib. Bu baxımdan bölgənin strateji əhəmiyyəti olduqca böyükdür. İran prezidentinin açıqlaması da Trampın Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfəri zamanı imzalanmış razılaşmalar və xüsusilə hərbi sahədə əldə olunmuş anlaşmalara münasibətdir. Həmin ölkələr ABŞ-dan yüz milyardlarla dollar dəyərində hərbi məhsullar alacaqlarını bəyan ediblər”.
Oqtay Qasımov
Politoloqun sözlərinə görə, bu səfər zamanı körfəz ölkələrinin əsas narahatlıq mənbəyi məhz İrandır:
“Səudiyyə Ərəbistanı ilə İran arasında uzun illərdir davam edən rəqabət mövcuddur. Ötən il Çinin vasitəçiliyi ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmış, münasibətlər müəyyən qədər normallaşmışdır. İranın son onilliklərdə Yaxın Şərqdə proksi qüvvələr vasitəsilə digər ölkələrə təzyiq göstərməsi, həmin dövlətləri ABŞ-ın himayəsinə sığınmağa vadar edib”.
Oqtay Qasımov qeyd edib ki, bölgə ölkələri neft və enerji satışından əldə etdikləri gəlirlərin əhəmiyyətli hissəsini təhlükəsizliklərinə yönəltmək məcburiyyətində qalıblar:
“ABŞ onlara təhlükəsizlik zəmanəti vermək qarşılığında, belə razılaşmalar imzalayır. Bu siyasətin formalaşmasında təkcə ABŞ və Qərb ölkələri deyil, eyni zamanda Qərbin imperialist dairələri də rol oynayır. Onlar uzun illərdir dünyanın müxtəlif bölgələrində gərginliklər yaradaraq öz maraqlarını təmin etməyə və təbii resurslara nəzarətə can atıblar. İran da bu siyasətdə əsas oyunçulardan biri kimi çıxış edir”.