İrəvan-Bakı müzakirələri liderlər və nazirlər formatında davam edə bilər - SİMONYAN


"İrəvanla Bakı arasında müzakirələr davam edir".

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 19-da jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, bu prosesin davam etdirilməsini təmin etmək üçün tərəflər arasında razılaşma var.

“Mən istisna etmirəm ki, yaxın gələcəkdə iki ölkə liderləri formatında, eləcə də xarici işlər nazirləri formatında müzakirələr davam edə bilər”, - Simonyan bildirib.

Parlament sədrinin sözlərinə görə, bu, yaxşı xəbərdir, lakin hələlik konkret razılaşma yoxdur.

"Bu cür proseslər sülh müqaviləsinin bağlanacağı yerə və vaxta yönəlib. Ermənistan tərəfi və çoxsaylı beynəlxalq tərəfdaşlar sülh müqaviləsinin bağlanmasının nəhayət reallığa çevrilməsi üçün müvafiq işlər görürlər", - Ermənistan parlamentinin spikeri vurğulayıb.

Xatırladaq ki, iki ölkə liderləri Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasındakı sonuncu görüş ötən həftə - mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçrilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində baş tutub.

Liderlərin qısa müzakirəsində xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan da iştirak edib.

İrəvanın açıqlamasına görə, Tiranada tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılmasının vacibliyini qeyd ediblər.

“Liderlər mövcud vəziyyəti müzakirə edib və sənədin imzalanmasına aparan prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar”, - açıqlamada deyilir.

Rəsmi Bakı Tirana görüşünü şərh etməyib./modern.az


MANŞET XƏBƏRLƏRİ