RAMZAN KADIROV İSTEFA VERİR - “Xahiş edirəm, məni vəzifədən azad etsinlər...”


Çeçenistanın rəhbəri Ramzan Kadırov öz istəyi ilə vəzifədən getmək niyyətində olduğunu açıqlayıb.

Turkustan.az-ın məlumatına görə, o, bu barədə Çeçenistanın rəsmi xəbər agentliyi olan "Çeçenistan bugün”ə verdiyi açıqlamada bildirib. Kadırov deyib ki, yeni rəhbərin idarəetməyə öz baxış bucağı və yeni təşəbbüsləri ola bilər və o, artıq bu dəyişikliyin zamanının gəldiyini düşünür.

“Özüm xahiş edirəm ki, məni vəzifədən azad etsinlər. Ümid edirəm, bu istəyim dəstəklənəcək”, - Kadırov əlavə edib.

Onun bu müraciəti konkret kimə ünvanlandığı açıqlanmayıb.

Ramzan Kadırovun vəzifədən getməsi ilə bağlı iddialar son aylarda intensiv şəkildə yayılmağa başlamışdı. “Novaya Qazeta Avropa”nın məlumatına görə, Kadırovun səhhətindəki ciddi problemlər onun hakimiyyəti tərk etmə qərarına təsir göstərib.

2024-cü ildə, onun səhhətindəki problemlər müvəqqəti olaraq sabitləşsə də, 2025-ci ilin əvvəlində o, Moskvada keçirilməli olan tibbi müayinəyə getməyərək, xanımı Medni Kadırovaya məxsus olan “Aymed” klinikasında müalicə olunmağa üstünlük verib. Bu fakt, onun real sağlamlıq durumunun ağır olduğuna işarə kimi qiymətləndirilir.

Əgər Kadırov vəzifəni həqiqətən tərk edərsə, ehtimal olunur ki, onun yerinə ya ailə üzvlərindən biri, ya da tamamilə onun nəzarəti altında olan bir şəxs təyin olunacaq.

Ramzan Kadırov, Putinə və Kremlin mərkəzi hakimiyyətinə sadiqliyi ilə seçilir. O, yalnız Çeçenistanda deyil, bütövlükdə Rusiya daxilində Kremlin “vurucu qüvvəsi” rolunu oynayıb. İndi isə onun getməsi və ya zəifləməsi, Moskva üçün sabitlik baxımından ciddi risklər doğura bilər.

Ramzan Kadırovun istefa istəyi, Rusiya siyasi sistemində nadir bir hadisə sayıla bilər. Lakin bu, eyni zamanda, Çeçenistanda və Kremlin idarəçiliyində struktur dəyişikliyinə və yeni siyasi konfiqurasiyalara işarə edə bilər. İstər səhhət, istərsə də siyasi planlama səbəbindən, görünən odur ki, Kadırov dönəmi ya bitmək üzrədir, ya da başqa bir formaya transformasiya edilir. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ