Azərbaycanda saatlıq əməkhaqqı sistemi işə düşür? – Az işləyib, çox qazanmaq…


Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid məsələsi yenidən gündəmə gəlib. Deputat Vüqar Bayramov deyib ki, bu model işçilərin daha çox yerdə işləməsinə və nəticədə gəlirlərinin artmasına imkan yarada bilər.

Bəs bu sistem ölkəmizin əmək bazarında nə dərəcədə realdır?

Globalinfo.az-a danışan Bakı Ali Neft Məktəbinin kafedra müdiri, iqtisadçı Altay İsmayılov bildirib ki, saatlıq əməkhaqqı məsələsi ətrafında cəmiyyətin böyük dəyişikliklər gözləməsi yanlışdır.

Onun sözlərinə görə, bu, sadəcə aylıq minimum əməkhaqqından saat əsaslı sistemə keçidi nəzərdə tutur:

“Yəni bu dəyişiklik maaşların artımı və ya ödənişlərin yüksəlməsi demək deyil. Bəzən ictimaiyyətdə belə başa düşülür, amma əslində burada ciddi bir yenilik yoxdur. Dövlət və özəl sektorda daimi işləyən, məsələn, 500, 1000 və ya 1500 manat maaş alan şəxslər saatlıq sistemə keçdikdə də eyni məbləği alacaqlar. Sadəcə, əməkhaqqının hesablanma forması dəyişəcək, məbləğ yox”.

İqtisadçı qeyd edib ki, bu model daha çox mövsümi işlərdə, sərbəst (freelance) rejimdə və ya part-time (yarımştat) çalışan şəxslər üçün çeviklik imkanı yaradır:

“Məsələn, kənd təsərrüfatı, tikinti və digər mövsümi sahələrdə işə cəlb olunan şəxslər saatlıq qaydada əməkhaqqı ilə işləyə bilər. Bu, həm işəgötürən, həm də işçi üçün səmərəli yanaşmadır”.

Altay İsmayılov əlavə edib ki, bu cür əmək münasibətləri əvvəllər də mümkün olub:

“Sadəcə olaraq, indi onların daha hüquqi əsaslarla və aydın şəkildə tənzimlənməsi nəzərdə tutulur. Özəl sektorda çalışanlar part-time işləməklə daha yüksək saatlıq əməkhaqqı ala bilərlər. Məsələn, bir işçi bütün günü deyil, yalnız günün yarısını işləyib 400-500 manat qazana bilər. Bu da hər iki tərəf üçün faydalıdır. Əlavə iş saatları, bayram və qeyri-iş günlərində işə cəlbetmə hallarında da saatlıq sistem şəffaf və ədalətli hesablama imkanı verəcək”.

altayyy

İqtisadçının fikrincə, bu sistem texniki baxımdan Azərbaycanda rahatlıqla tətbiq oluna bilər:

“Sadəcə sənədlərdə və hesablamada sistem dəyişir, praktikada isə işin mahiyyəti eyni qalır. Məsələn, 400 manat maaş alan bir şəxs həftədə 40 saat işləyirsə, onun saatlıq əməkhaqqısı təxminən 2 manat 30-40 qəpik civarındadır. Bu da ciddi fərq deyil, sadəcə struktur dəyişir”.

Yeni sistemin beynəlxalq müqayisə üçün də faydalı olduğunu deyən Altay İsmayılov sadə hesablama edib:

“İnkişaf etmiş ölkələrdə saatlıq əməkhaqqı 10-15 dollar arasında dəyişir. Bizdə isə bu rəqəm təxminən 1,5 dollar səviyyəsindədir. Bu müqayisə göstərir ki, bizdə saatın dəyəri kifayət qədər aşağıdır. Ola bilsin ki, bu sistem gələcəkdə minimum əməkhaqqının artırılması üçün stimul rolunu oynaya bilər”.

Sonda iqtisadçı bildirib ki, saatlıq əməkhaqqı rejiminin tətbiqi şəffaflığı artırmaq, əmək münasibətlərini çevikləşdirmək və beynəlxalq standartlara uyğunlaşdırmaq baxımından faydalıdır.


MANŞET XƏBƏRLƏRİ