Sülh danışıqları ləngiyir: “Elə etmək lazımdır ki, Paşinyan...


“Azərbaycan-Ermənistan sülh prosesinə əngəl yaradan müəyyən problemlər qalmaqdadır”.

Bu sözləri politoloq Əlimusa İbrahimov “Cebhe.info”-ya şərhində Azərbaycan ilə Ermənistan arasında razılıq əldə olunmayan məsələlər barədə söz açarkən bildirib. Söhbət zamanı o, qeyd edib ki, Ermənistanın daxilində baş verən son hadisələr sülh prosesini ləngidir.

“Müxtəlif sahələrə aid bəzi məsələlərdə razılıq əldə olunmayıb. Delimitasiya və demarkasiya prosesində müəyyən məsələlər üzərində razılıq əldə edilsə də, bəzi məsələlərdə fikir ayrılıqları qalır. Qazaxa bitişik dörd kənd - Bağanis Ayrım, Aşağı Əskipara, Qızıl Hacılı və Xeyrimli kəndləri Azərbaycana qaytarılıb, amma digər dörd anklav kənd - Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Kərki kəndləri hələ də işğal altındadır. Yəni dörd anklav kənd ilə bağlı problemlər hələ öz həllini tapmayıb”.

Ekspert bildirib ki, danışıqlar prosesi çərçivəsində bu problemlər həll olunmalıdır:

“Eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması ilə bağlı da müsbət məlumatlar dolaşmır. Halbuki regional kommunikasiyalar həm Azərbaycan, həm də Ermənistan üçün əhəmiyyətlidir. Yəqin ki, bu istiqamətdə də danışıqlar aparılır. Sülh prosesi üzrə danışıqlarda da müəyyən problemlər yaşanır.

Düzdür, hər iki tərəf arasında təmaslar davam edir, amma ümumilikdə bu proses üzrə danışıqlar əvvəlki səviyyədə aparılmır. Bu, sözsüz ki, Ermənistanın daxilində hazırki hadisələrlə bağlıdır. Paşinyan hakimiyyəti ölkə daxilində hadisələrin bitməsini gözləyir. Danışıqlar prosesi təkcə Azərbaycan və Ermənistan rəhbərliyindən asılı deyil, Ermənistanda revanşist daxili qüvvələr bu prosesə qarşı çıxırlar. Danışıqları elə bir şəkildə aparmaq lazımdır ki, Ermənistanda daxili sabitlik pozulmasın və Paşinyan hakimiyyətinə təhlükə yaranmasın. Hesab edirəm ki, Ermənistanın daxilində vəziyyət sabitləşəndən sonra sülh prosesi üzrə danışıqlar yenidən intensivləşəcək”.


MANŞET XƏBƏRLƏRİ