Süni intellekt dövründə şirkətlər həm texnologiyaya daha çox yatırım edir, həm də xərcləri azaltmağa çalışır.
Turkustan.az xəbər verir ki, bu səbəbdən şirkətlər üçün əsas göstəricilərdən biri gəlirin nə qədər tez əldə olunmasıdır.
“BestBrokers” şirkətinin araşdırması dünyanın ən böyük 200 şirkətini əhatə edib. Nəticələr göstərir ki, bəzi şirkətlər 1 milyon dollar xalis mənfəəti cəmi bir neçə dəqiqəyə qazanır.
Reytinqə “Alphabet” (“Google”) liderlik edir. Şirkət 1 milyon dolları 3 dəqiqə 59 saniyəyə qazanır. Saatlıq gəliri təxminən 15 milyon dollar, gündəlik gəliri isə 362 milyon dollardır.
İkinci yerdə “Nvidia” qərarlaşıb. Şirkət 1 milyon dolları 4 dəqiqə 23 saniyəyə əldə edir. Hər işçiyə düşən mənfəət çox yüksəkdir – təxminən 5,2 milyon dollar.
Üçüncü yerdə “Microsoft” var. Şirkət 1 milyon dolları 5 dəqiqə 10 saniyəyə qazanır. Saatlıq gəliri 11 milyon dollardan çoxdur.
Dördüncü sırada “Apple” yer alır. Şirkət 1 milyon dolları 5 dəqiqə 36 saniyəyə qazanır.
Beşinci yerdə “Saudi Aramco” qərarlaşıb. Bu, siyahıda olan azsaylı enerji şirkətlərindən biridir.
İlk onluğa həmçinin “Amazon”, “Berkshire Hathaway”, “Meta”, “JPMorgan Chase” və TSMC daxildir.
Siyahıda texnologiya şirkətləri açıq üstünlük təşkil edir. İlk onluqdakı şirkətlərin çoxu ABŞ-dəndir. /Yeniavaz.com/
