ABŞ-nin İrandan sonrakı hədəfi Çindir? – Yeni mərhələ başlayır


ABŞ artıq İran məsələsi bitdikdən sonrakı hədəflərini də bəyan etməyə başlayıb.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts İranla bağlı hərbi əməliyyatlar bitdikdən sonra, ölkəsinin Asiya və digər regionlara diqqət yetirməyə başlayacağını bəyan edib.

Göründüyü kimi, ABŞ-nin hədəfi təkcə İranla bitmir. Onun ardınca Vaşinqton digər məqsədlərə çatmağı da düşünür. Amma hələlik konkret hansı hədəflərdən söhbət getdiyi açıqlanmır.

Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, İrandan sonra Ağ Evin hədəfindəki Çindir:

“Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra onun xarici siyasətdə prioritet elan etdiyi istiqamət Sakit Okean və Asiya istiqamətidir. Burada hədəf isə ABŞ-nin özünə yeganə rəqib saydığı Çindir”.

Ekspertin sözlərinə görə, əslində İrana hərbi müdaxilənin bir geosiyasi istiqaməti də bu ölkə neftinin ABŞ-nin nəzarətinə keçirilməsidir:

"Bununla Vaşinqton həm də neft alan ölkələrə təsir və təzyiq imkanları əldə etmək istəyir. Hansı ki, İran neftinin 90 faizi, Asiyaya, konkret Çinə satılır. Özü də çox ucuz qiymətə”.

Politoloqun fikrincə, ABŞ-nin investisiyaları İrana yönəltmək planının arxasında dayanan başlıca məqam da məhz Çinlə bağlıdır:

“ABŞ İranla bağlı fəalliyəti təkcə nüvə məsələsilə bağlı deyil. Ağ Ev Tehrana həmçinin sövdələşmə, ABŞ investisiyasının İrana yönəlməsi planını da təqdim edir. Bu isə ABŞ-yə İranın enerji daşıyıcılarına müəyyən nəzarət imkanı da verə bilər. Belə vəziyyət isə eyni zamanda, bölgədən Çinin sıxışdırılıb çıxarılması anlamına gəlir. Ona görə də İran məsələsi ABŞ-nin istədiyi kimi həll olunarsa, sonrakı mərhələdə Vaşinqtonun diqqəti artıq Çinə yönələcək”.


MANŞET XƏBƏRLƏRİ