Əməkdar jurnalist Mirşahin Ağayevin 2000-ci ildə “ANS” kanalında yayımlanan “Ən yeni tarix” tok-şousunda sabiq prezident Əbülfəz Elçibəylə Ana Vətən Partiyasının sədri, keçmiş deputat Fəzail Ağamalı arasında baş tutan debat sosial şəbəkələrdə yenidən gündəmə gəlib. Debatın diqqətçəkən məqamlarından biri Elçibəyin Fəzail Ağamalıya dediyi sözlərdir. “Fəzail bəy, siz elə bir söz demisiniz ki, onu desəm, sizin üçün heç yaxşı olmayacaq”, – deyə o bildirib. Ağamalı dəfələrlə bu məlumatı öyrənmək istəsə də, Elçibəy danışmaqdan imtina edib.
Əbülfəz Elçibəyin Fəzail Ağamalı haqda açmadığı sirr nə idi?
Globalinfo.az-a danışan həmin debatın iştirakçısı, siyasətçi Nemət Pənahlı bildirib ki, söhbətin nədən getdiyini yalnız Elçibəy özü bilərdi:
“Sözü olsaydı, açıq deyərdi. Hakimiyyətə gələn gündən dedim ki, KQB sirlərini açın, açmadılar. Dedilər sirdir, özümüzlə aparacağıq. Fakt bildiyin şeyi xalqdan niyə gizlədirsən? Elçibəyin Fəzail Ağamalıya elə deməsi siyasi oyunbazlıq idi. Fəzail Ağamalı verilişdə dəfələrlə dedi ki, nə bilirsənsə açıqla. Elçibəy isə qarşılığında onun bildiyini qeyd etdi”.

Nemət Pənahlı
N.Pənahlı həmçinin, Azərbaycanın dördüncü Baş naziri Surət Hüseynovun ölümü ilə bağlı yayılan müəmmalara da toxunub:
“Xəbərlər tirajladılar ki, guya xəstəxanada yatarkən Surət Hüseynovu zəhərləyiblər. Halbuki o, oniki barmaq bağırsaq və mədəaltı vəz xərçəngindən əziyyət çəkib və bunu bildiyi halda əməliyyata razı olmayıb. Bunları mənə onun yanında qalan yaxını şəxsən danışıb. Hətta onunla son görüşdə kövrələrək deyib ki, bəlkə də son görüşümüzdür. Amma indi həqiqətə uyğun olmayan xəbərlər yayırlar”.
Sözügedən debatın görüntülərini təqdim edirik: