"Prezidentin sosial siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır" – Millət vəkili


"Cənab Prezident İlham Əliyev əhalinin sosial təminatının gücləndirilməsi üçün yeni sərəncam və fərmanları ilə bir sıra dövlət qurumlarında çalışanların əmək haqqları və eləcə də sosial müavinətlər və təqaüdlər artırılıb. 2023-cü ildə dövlət büdcəsindən sosial sferaya 15.2 milyard manatın ayrılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə xərclərinin 46.0 faizi sosial sferaya yönəldiləcək".

Milli Məclisin deputatı Aqil MəmmədovTurkustan.az-a açıqlamasında bildirib ki, imzalanan qərarlar bir daha göstərir ki, ölkə Prezidentinin sosial siyasətinin əsasında Azərbaycan vətəndaşı, onun rifahı dayanır: "İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuğun davam etməsi və təhlükəsizlik xərclərimizi də nəzərə alsaq deyə bilərik ki, sosial sferaya kifayət qədər böyük vəsait ayrılmış olur. Bu müstəqillik dövründə sosial sahədə ən böyük ayırmadır. Son sərəncam və fərmanlar 2 milyon 700 mindən artıq vətəndaşımızı əhatə edəcək. Cənab Prezident dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Azərbaycanın sosial siyasəti ardıcıl səciyyə daşıması çox önəmlidir".

A.Məmmədov bir neçə gün əvvəl Prezidentin yerli televiziyalara müsahibəsindən bir məqamı xatırlatdı: "Prezident bildirdi ki, iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir".

Hazırda dünya miqyasında bir sıra arzuolunmaz proseslərin getdiyi, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda qlobal ərzaq bazarına təhdidlərin artması ölkələr üçün sosial sfera ilə bağlı qarşıya yeni çağırışlar çıxarıb: "Ayrı-ayrı ölkələr qlobal pandemiyadan sonra meydana çıxan yeni təhdidlərin yaratdığı çətinlikləri qarşılamaqda çətinlik çəkirlər və bu səbəbdən də hətta sosial proqramlarını belə ixtisara salmaq məcburiyyətində qalırlar. Pandemiyadan və 44 günlük ağır müharibədən çıxan Azərbaycanda isə tamam fərqli sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq sosial siyasət Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ölkədə aparılan məqsədyönlü siyasətin mərkəzində vətəndaşların maraqları dayanır".

Millət vəkilinin sözlərinə görə Azərbaycanın sosial ədalət prinsipinə əsaslanan siyasəti də cəmiyyətin bütün təbəqələrini əhatə edir. Yəni, ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər: "Son vaxtlarda ünvanlı sosial yardımların verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. Əvvəlki dövrlərdə bu sahədə bir sıra pozuntular törədilib. Belə ki, ehtiyacı olmayan insanlara da təmənna qarşılığında sosial yardımlar verilib. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Dövlət başçısının tapşırığı ilə bu sahədə geniş təftiş işi aparıldı və günahkarlar cəzalandırıldı. Bu gün respublikamızda 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. 2023-cü ildə bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsində olacaq və imkanlar yarandıqca daha da artırılacaq. Dünyada müharibələrdən çıxan ölkələrin heç də hamısında döyüşlərdə həlak olanların ailələrinə və müharibə əlillərinə dövlət vəsaiti ilə tikilən mənzillər verilmir. Məsələn, işğalçı Ermənistanda bəhs olunan kateqoriyadan olan ailələrə və insanlara nəinki imtiyazlı qaydada mənzillər, heç daxma da verilmir. Azərbaycan isə bu sahədə də dünyaya nümunə təqdim edir".


MANŞET XƏBƏRLƏRİ