Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ


Prezident İlham Əliyev Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, "Notariat haqqında" və "İcra haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Turkustan.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Dəyişikliyə əsasən, Azərbaycanda miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş şəxslərin də hüquqları təmin ediləcək.

Bununla yanaşı, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.

Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.

Bundan başqa, vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişib. Dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək. Həmçinin, irsi transmissiya mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmayacaq. Dəyişikliklə yuxarıda göstərilən müddət şərti aradan qaldırılır.

Belə ki, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılacaq.

Bundan əlavə, dəyişikliklə aşağıdakı qaydalar da aradan qaldırılıb:

- Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir;

- Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.

Qeyd olunub ki, mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq. Dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

Dövlətimizin başçısı "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Notariat haqqında" və "İcra haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 216-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.


MANŞET XƏBƏRLƏRİ