Ömür kitabına poeziya yazılan şair - Sabir Rüstəmxanlı


Aynur Turan

(əvvəli BU LİNKDƏ)

Şimşəklər çinartək sançılıb yerə,

Düşmənin gözündə dirsəkdi hər dağ.

Babalar atını sürüb gedibdi,

Qayalar boylanıb qalıbdır ancaq.

Oğlu-Şah İsmayıl Xətai adlı,

Ağ atlı oğlan var, atı qanadlı;

Bir də Suraxanı atəşgahı var,

Bir də Misri qılınc, bir də Çənlibel;

Bir də “Heydərbaba” yazılmış bir dil.

Torpağı ot deyil, kişi göyərdən.

Vətən... vətən!

Sabir Rüstəmxanlının vətənimizə sevgisi, vətənə, millətə olan məhəbbəti onun bütün misralarından, şeirlərindən, ümümiyyətlə hər kəlməsindən süzülüb ağ vərəqlərə tökülür. Onun hər bəndi, hər kəlməsi vətən qoxuyur. Sabir yaradıcılığı başdan-ayağa vətənə həsr olunur desək yanılmarıq. Böyük şairin “Qəhrəman ana”, “Qəhrəman oğul”,“Ruhumuz sərhədsiz olduğu üçün”, “Tarixi yaradanlar”, “Doğmalıq...”, “Bu yurd mənə tanış gəlir”, “Qopuz səsi, Şaman duası” şeirlərindən vətənə sevgi, vətənə bağlılıq, vətənə olan dərin duyğular süzülüb gəlməkdədir. Bu şeirlərdə Vətənin qədim, ulu keçmişi, xalqın mənəviyyatı, millət kimi formalaşmasında keçdiyi mərhələlər qürurla, yanğıyla misra qatarına düzülüb. Şairin şeirlərində bəzən yağı düşmənlərimizlə bərabər sapı özümüzdən olan nadanlarımız da qınaq hədəfinə çevrilir. Onun əsərlərində tariximizi saxtalaşdıranların layiqli cavabı verilir.

Vaxt olub ki, öz gülləmiz

Gözümüzə tuşlanıb,

Öz zəmimiz əlimizlə

Biçilməmiş xışlanıb,

Pisliyimiz düşmənə xoş!

Daima alqışlanıb;

Mən də elə sənin kimi

Öz-özümə qəniməm,

Öz nəfsimlə talan olub

Öz yatarım, xəzinəm...

...Aman, durna, dimdiyini

Öz başında sınama,

Sən gücünü yurddaşında,

Qardaşında sınama!..

S.Rüstəmxanlının əsərlərinin əsas motivi vətənpərvərlik ruhu, əzmkarlıq, ruh yüksəkliyidir. Hər bir şeirdə milli qürur, vətənə məhəbbət və vətənə məhəbbətə çağırış açıq şəkildə görünməkdədir.

Babaların igid ruhu dirildi,

Qisas deyir türk yaddaşı-şanımız.

Ömür bizə vətən üçün verildi,

Qurban getsək halal olsun qanımız...

*****

Mənim yoluma bax, əzəldən haqlı,

Haqqı gücsüz bilib gülmək günahdı,

Gələcək cəzanı çəkməyin vaxtı,

Hesabı axırda kəsən millətəm!..

Bəzən Şairin öz qəlbi ilə söbəti də vərəqlər üzərinə tökülür.

Şairlik nəyimə gərəkdir?

Deyim!

Şeirdə təsəlli aparmaq üçün.

Təzə söz deməyə gümanım azdı,

Yazıram köhnəni qorumaq üçün.

Özümü qorumaq odlar içində,

Adımı qorumaq adlar içində,

Mənim bu narahat qəlbim sınmasın

Xoşbəxtlər içində yadlar içində!

Digər şeirinə nəzər salaq:

Qz ana dilimə, ana sözümə

Bir təzə kəlmətək qoşula bilsəm;

Sinəmə səpilən od yağışından-

Yad sözdən, yad ruhdan yaşına bilsəm,

Demək çiçəklənən cavan budağam,

Mən söz əsgəritək yaşayacağam!

Görkəmli şair həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verən əsil şairdir. O, ahəngini Azərbaycanın dahi şairlərinin ahəngindən götürmüş bir şairdir. S.Rüstəmxanlı hardasa Səməd Vurğun, Şəhriyar, Rəsul Rza kimi yaxın, Mirzə Ələkbər Sabir, M.Füzuli, Nəsimi kimi “uzaq” sələflərindən, Bəxtiyar Vahabzadə təki çağdaşlarından təsirlənib qüvvət almış, öz yaşıdlarının çoxunu tezliklə arxada qoyub ən yeni Azərbaycan türk poeziyasının ön atəş xəttinə çıxa bilmişdir. Nəfəsindəki qəhrəmanlıq yanğısının tüstüsüz alovuna baxmayaraq bu poeziya nə qədər təvazökardır, məğrur və başı ucadır. Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir. S.Rüstəmxanlının kitablarında yalnız bircə ömrün deyil, nəsillər və əsrlər ömrünün cövhəri verilmişdir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilir. Şeir və dastanların çoxu əsrimizin son rübündə yazılsa da, ehtiva, dairəsi çox böyük, çox əzəmətlidir.

I aparıcı: Sabir Rüstəmxanlı bizim XX əsr şeirimizdə bir məktəbdir. Amma bu məktəbin özünün də məxsus olduğu daha böyük müqəddəs məktəbi var. Bu, bəxtsiz şairimiz Məhəmməd Hadi ilə başlanan milli poeziya məktəbimizdir. Birinci Rus inqilabı bizə mətbuat azadlığı verdi. Bu azdlığın bitirdiyi zərif çiçəklərdən biri Azərbaycan xalqının oyanan milli şüuru idi.

Çəkil torpağımdan, ey yağı düşmən,

Mən şeytan ümidin üzən millətəm.

Dünyanı üstümə qaldırdın yetər,

Dünyanın dərdinə dözən millətəm.

Sabir Rüstəmxanlı fikir şairidir, düşüncə şairidir. Şeirlərinin mayası, qayəsi, qələmindən süzülən misralarının əriş-arğacı fikirdən yoğrulub, fikirdən toxunub. Şair elə bir şey yazmayıb ki, dünən çəpikdə, alqışda çimən misralar bu gün xəcalət tərinə çevrilsin, müəllifinə əzab-əziyyət versin, peşmançılıq gətirsin. Sabir Rüstəmxanlının poeziyasında qınanılası bircə misra belə yoxdur. Onun dərdi elin dərdinə tən olubdur həmişə. Şair ürəyində eli boyda, özü boyda qəm yükü gəzdiribdir, yorulmayıbdır. Bu qəm yükündən usanmadan, yorulmadan, bezmədən çiyinlərinə alıb. Elin yolunda yanıb, elin pərvanəsinə dönübdür. Sabir Rüstəmxanlı əqidə şairidir. O, min bir mükafatdan, min bir vəzifədən elin bir “sağ olunu” üstün tutubdur. S.Rüstəmxanlı Nəsimi davamçısıdır. Amalını da ustadından götürüb, çeşməsindən su içibdir. Sözün düzünü deməyi, düşündüyünü dilinə gətirməyi bacarıbdır. Bəli, S.Rüstəmxanlı həqiqəti deməkdən heç vaxt çəkinməyibdir. O, aydın sabahlara işıq yolçusu, nur yolçusudur.

Biz işıq yolçusuyuq,

məqsəd-işıq,

Biz olan yerdə olur

zülmət- işıq.

Ruh- işıq,

Məslək –işıq,

Qeyrət- işıq,

Güc-işıq,

Qüvvət-işıq,

Cürət-işıq.

O könüldən ki, keçir,

Eşq ilə qeyrət damarı

Orda öz bayrağını

asdı işıq.

Atalardan bizə mirasdı işıq.

B. Vahabzadə

Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın adı bizim hələ sadə, təfəkkürümüzdə Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstünə yazılır, məktublarımızın üstündə bir ünvan kimi dünyanı dolaşır. Daha sonralar ömür pasportumuza yazılaraq bütün həyat boyunca bizimlə birgə yaşayır. S.Rüstəmxanlı da ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazıldı. Şanla-sanballa yazılan bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq... Ürəyinizə hərarət, qələminizə bərəkət, gözəl şairimiz. Yaşayın və yaradın!..

I aparıcı: Qoy ilham pəriniz sizi müjdələsin yeni-yeni şeirlərə, pıçıldasın qulağınıza misraları, bəndləri. Tanrı sizi və sizin simanızda vətən övladlarını qorusun.

Biz tarixi yorub gəldik

Keçdik uzun yolları,

Üç qitəni qucaqladı

Türkün açıq qolları.

Hər ocaqda işığımız,

Hər zirvədə qalamız.

Biz allahın balasıyıq,

Tarix bizim balamız.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ