Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Rusiyaya qarşı yeni sanksiyalar üzərində işlərin sürətləndirildiyini və bu məqsədlə ABŞ-a nümayəndə heyəti göndəriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kosta bu açıqlamanı Ukraynanın Ujqorod şəhərində prezident Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında verib.
İlk səfərini Qərbi Ukraynaya etdiyini qeyd edən Kosta bu bölgənin gələcəkdə "Aİ sərhədində" deyil, birbaşa Aİ-nin içində olacağını vurğulayıb. Onun sözlərinə görə, Ukraynanın Aİ-yə tam üzvlüyü ölkə üçün təhlükəsizlik və rifah baxımından ən güclü təminatdır.
Diplomatik səylərə də toxunan Kosta, ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh təşəbbüsünü Ukraynanın qəbul etdiyini və yay aylarında Alyaskada keçiriləcək sammitin bu istiqamətdə önəmli addım ola biləcəyini bildirib.
O, həmçinin dünən Parisdə keçirilən görüşdə 26 ölkənin — Aİ və İstəklilər Koalisiyasının — Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməkdə qərarlı olduğunu xatırladıb:
"Koalisiya göstərdi ki, yalnız istəkli deyil, həm də buna qadirdir."
Kosta Brüsseldə Rusiyaya qarşı 19-cu sanksiya paketi üzərində iş aparıldığını və bunun üçün Aİ nümayəndələrinin yaxın zamanda Vaşinqtona göndəriləcəyini bildirib.
2022-ci ilin fevralında müharibə başlayandan bəri Aİ Rusiyaya qarşı 18 sanksiya paketi qəbul edib.
Aytən Yaşar/ Turkustan.az