ABŞ lideri Donald Tramp ötən ay Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edərək Zəngəzur dəhlizi üzrə sülh sazişini rəsmiləşdirib.
Turkustan.az xəbər verir ki, bu sözlər “The Hill” saytının analitik yazısında yer alıb.
“İlk baxışdan bu, sülhə doğru addım təsiri bağışlasa da, İran üçün ciddi strateji zərbə oldu. Sazişə görə, Azərbaycanla onun anklavı – Naxçıvan arasında birbaşa yol bağlantısı yaradılacaq. Marşrut Ermənistan ərazisindən keçəcək və həmin ərazi Ermənistanın suverenliyi və nəzarəti altında qalacaq. Beləliklə, dəhliz İrandan yan keçəcək, eyni zamanda ABŞ-ın Cənubi Qafqazda uzunmüddətli mövcudluğunu rəsmiləşdirəcək: Vaşinqton 99 illik imtiyaz müqaviləsi əsasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlandırılan yolun inkişaf hüququnu əldə edib.
İran üçün bu, mühüm təsir vasitəsinin itirilməsi deməkdir. Onilliklər boyu məhz coğrafi mövqeyi Tehrana regional tranzit siyasətində çəkidə qalmağa imkan verirdi. İndi isə bu üstünlük aradan qalxır.
Dəhliz daha geniş tendensiyanın bir hissəsi oldu: İranın xarici siyasətə yatırdığı resurslar addım-addım dağılır:
- Livanda “Hizbullah”ın mövqeləri ciddi zəifləyib.
- İsrail və ABŞ-la baş vermiş 12 günlük müharibə İranın hərbi sistemindəki zəiflikləri üzə çıxardı.
Xarici uğursuzluqlar fonunda daxili problemlər daha da kəskinləşir: inflyasiya, iqtisadi durğunluq, elektrik və su qıtlığı cəmiyyətdə narazılığı gücləndirir, Seyid Əli Xameneinin dominantlığına əsaslanan siyasi sistem isə getdikcə daha kövrək görünür.
Bu arada Tramp Zəngəzur sazişindən öz imicini möhkəmləndirmək üçün istifadə edir, hətta potensial olaraq Nobel Sülh Mükafatına namizədliyini gündəmə gətirir. Lakin İran üçün nəticələr simvolik çərçivədən qat-qat ciddidir: dəhliz onun Bakı və Ankara üzərində təsirini azaldır, tranzit oyunundan kənarlaşdırır və daxili qeyri-sabitlik riskini artırır”, - məqalədə qeyd olunub. /Musavat.com/