Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş: “Cəzalandırılsınlar ki, digərlərinə də dərs olsun” - VİDEO


“Dodağına gülüş qonub” mahnısını oxuduğum tarixdən bu günə 45 yaşı olur. Bu mahnını məndən sonra bu sözlərlə oxuyan saysız-hesabsız sənət adamları var. Türkiyədə də, Özbəkistanda da var... Bir sözlə bütün türk dilli xalqlarda. “Dodağına gülüş qonub” mahnısı mənim sənətimin “pasportu”, “vizit kartı”dır. Bu mahnının sözləri və musiqisi mənə aiddir. Bu erməni “dığaları” utanmadan, həyazıscasına mənim bu nəğməmi oxuyublar. Onlar bir çox mahnılarımızı oğurlayıb bütün dünyaya informasiya yayıllar ki, bu da bizimdir”.

Bu sözləri Xalq artisti Ağadadaş Ağayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətkar erməni müğənnisi Armen Aloyan tərəfindən onun “Dodağına gülüş qonub” mahnısını oğurlayaraq ifa etməsinə sərt şəkildə reaksiya bildirib:

“Tək “Dodağına gülüş qonub” mahnımı deyil, eyni zamanda bir sıra digər nəğmələrimi də ermənilər oğurlayaraq ifa ediblər. 20 yaşlı erməni qız da mahnılarımı oxuyub. Onlar mənim “Sən oldun” mahnıma da girişməyə başlayıblar. Bu nəğməni isə mən Baba Vəziroğlu ilə yazmışam.

Musiqisini mən bəstələmişəm, o da sözlərini yazıb. Bunları danışmaqda məqsədim odur ki, mən tənbəl adamam. Gedib Müəllif Hüquqları Agentliyinə müraciət etməmişəm. Oradan mənə bəlkə 50 dəfədən artıq zəng ediblər. Mənim 100-ə yaxın yazdığım mahnılarım var. Onları mütləq şəkildə qeydiyyatdan keçirdəcəyəm. Bu işləri isə oğluma tapşırmışam. Musiqilərdəki notları çıxarıb Agentliyə təqdim edəcəyəm”.

Erməniləri xain adlandıran müğənni nəqmələrində Azərbaycan çalarlarının açıq şəkildə hiss edildiyini deyib:

“Onlar yalnız öz sözləri ilə bu mahnını oxuyublar. Bu nəğmədə təmiz Azərbaycan çalarları var. Əgər mən bu mahnını başqa xalqdan götürsəydim onların şivəsi hiss edilərdi. Bu nəğməni 19-20 yaşımda oxumuşam. Mahnımı oxuyan o erməni Armen Aloyan nəyin ki, bərbad oxuyub, musiqisini də bərbad çalıblar.

Bizim içimizdəki bəzi insanlardan da o çalğıya qulaq asıb bəh-bəh deyənlər var və ən dəhşətlisi aralarında musiqiçilərimizin olmasıdır. Ayıb olsun! Bu mental dəyərlərimizə çox böyük zərbədir. Bəzi üzdən iraq musiqiçilərimizə üzümü tutub deyirəm ki, sizə ayıb olsun ki, mahnılarımızı oxuyan o ermənilərə təriflər yağdırırsınız. Qanmazın biri, sən bu musiqinin içinə axı niyə girmisən? Belə parazitlər bilirsiniz nə qədərdir?

Mən onların azərbaycanlı olduğuna inanmıram. Onların genində erməni “kodu” var. Hər musiqimin arxasında bir əsgər kimi durmuşam və hələ ölməmişəm, yaşayıram. Hər 3-4 ildən bir ermənilər mahnılarımı həyasızcasına ifa edirlər.
Çox istəyirəm ki, bu hadisə səssiz ötüşməsin. Məsələ dövlət səviyyəsində müzakirəyə çıxarılsın və mahnılarımızı oğurlayan ermənilər cəzalandırılsın. Beləcə, digərlərinə də dərs olar”, deyə Ağadadaş Ağayev əlavə edib.


MANŞET XƏBƏRLƏRİ