Telefonun yaddaşı tez dolursa, nə etməli?


Smartfon yaddaşının sürətlə dolması istifadəçilərin ən çox qarşılaşdığı problemlərdən biri olaraq qalır. Xarici texnologiya platformaları və istehsalçı şirkətlər bildirir ki, problemin əsas səbəbi görünməyən sistem faylları, keş məlumatları və avtomatik yükləmələrdir.

Turkustan.az-ın xəbərinə görə, Apple-ın dəstək səhifəsində qeyd olunur ki, istifadəçilər ilk növbədə hansı tətbiqlərin daha çox yer tutduğunu yoxlamalıdır. Xüsusilə sosial şəbəkələr, video platformaları və mesajlaşma proqramları zamanla böyük həcmdə məlumat toplayır. Şirkət istifadə olunmayan tətbiqlərin silinməsini və “Offload Apps” funksiyasından istifadə edilməsini tövsiyə edir.

Google isə Android cihazlarda keş fayllarının yaddaşı sürətlə doldurduğunu bildirir. Şirkətin məlumatına görə, bəzi tətbiqlər yüzlərlə meqabayt həcmində müvəqqəti məlumat saxlayır. Bu səbəbdən “Storage” bölməsindən keş məlumatlarının mütəmadi təmizlənməsi məsləhət görülür.

Texnologiya saytı How-To Geek yazır ki, istifadəçilərin çoxu WhatsApp və Telegram kimi tətbiqlərdə avtomatik media yükləmələrinin aktiv olduğunu unudur. Nəticədə göndərilən hər foto və video birbaşa cihaz yaddaşına yazılır. Mütəxəssislər bu funksiyanın söndürülməsini tövsiyə edir.

Samsung da cihaz performansının yaddaş dolduqca zəiflədiyini qeyd edir. Şirkətin dəstək məlumatlarında qeyd olunur ki, yaddaşın ən azı 10-20 faizinin boş saxlanılması telefonun daha stabil işləməsinə kömək edir.

Xarici texnoloji mənbələr həmçinin foto və videoların bulud sistemlərinə köçürülməsini tövsiyə edir. Xüsusilə yüksək keyfiyyətli videolar qısa müddətdə bir neçə GB yer tuta bilər.

Mütəxəssislər bildirir ki, telefon yaddaşının tam dolması yalnız fayl saxlama probleminə deyil, cihazın donmasına, tətbiqlərin gec açılmasına və batareya performansının zəifləməsinə də səbəb ola bilər. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ