DİQQƏT: Bu gənclərə hərbi xidmətdən möhlət verilə bilər


Təhsilini magistratura səviyyəsində başa vuran gənclər üçün hərbi xidmətdən azadolma və ya möhlət mexanizminin yaradılması məsələsi gündəmdədir. Maraqlıdır, Təhsilini magistratura səviyyəsində başa vuran gənclər üçün hərbi xidmətdən azadolma mexanizmi yaradıla bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, belə bir mexanizm mütləq şəkildə yaradılmalıdır. Onun sözlərinə görə, əgər bir şəxs bakalavr pilləsindən sonra magistratura təhsilini davam etdirir, daha sonra isə doktorantura və ya digər elmi istiqamətləri seçirsə, ona uyğun şərait təmin olunmalıdır.

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda bu sahədə müəyyən hüquqi boşluqlar mövcuddur:

“Bu gün bəzi hallarda insanlar bakalavr təhsilini bitirdikdən sonra birbaşa doktoranturaya qəbul olunurlar. Onların biliyi və bacarığı buna imkan verir. Amma qanunvericilikdəki boşluqlar səbəbindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onlardan mütləq magistratura diplomu tələb edir. Halbuki, magistraturanı oxumadan birbaşa doktoranturaya daxil olan şəxsin magistr diplomu necə ola bilər? Bu, ciddi diskomfort yaradır”.

Üzeyir Cəfərov hesab edir ki, magistratura səviyyəsində təhsilini başa vuran və elmə meyilli olan gənclərə hərbi xidmətdən möhlət hüququ verilməlidir. O, xatırladıb ki, Azərbaycanda hərbi xidmətə çağırışın yuxarı yaş həddi 30-dur və bu müddət ərzində gənclərin təhsilini davam etdirməsi üçün kifayət qədər vaxt mövcuddur.

“Məsələn, bir şəxs 18 yaşında məktəbi bitirir, 4 il bakalavr, 2 il magistratura və ya doktorantura təhsili alır. Bu proses istənilən halda 30 yaşa qədər davam edə bilər. Elmə və mədəniyyətə meyilli insanlara hərbi xidmətdən möhlət verilməsinin tərəfdarıyam. Amma əgər bir şəxs oxumağa və elmə meyilli deyilsə, o zaman gec-tez hərbi xidmətə getməlidir”, – deyə ekspert vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ