Ötən il diametri təxminən 60 metr olan bir asteroidin 2032-ci ildə Yerə çırpılma ehtimalı ilə bağlı xəbərlər qlobal miqyasda narahatlıq yaratmışdı. Lakin aparılan detallı hesablamalardan sonra 2024 YR4 adlandırılan bu göy cisminin planetimiz üçün təhlükə yaratmadığı dəqiqləşmişdi. Bu açıqlama "Don’t Look Up” tipli bir ssenarinin yaşanmayacağına dair ümumi bir rahatlıq da doğurmuşdu.
Turkustan.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, astronomlar bildirir ki, Yer üçün risk aradan qalxsa da, asteroidin 2032-ci ildə Aya çırpılma ehtimalı tamamilə sıfırlanmayıb. Son hesablamalara əsasən, bu ehtimal təxminən 4 faiz səviyyəsindədir. Alimlər indi isə belə bir toqquşmanın Yerdən necə görünə biləcəyini daha aydın şəkildə təsvir edirlər.
Hələ elmi rəy qiymətləndirməsindən keçməyən və arXiv.org ön çap platformasında dərc olunan yeni araşdırmada qeyd olunur ki, asteroid Aya çırpılsa, Yerdən müşahidə edilə bilən güclü bir "optik flaş” yaranacaq. Bu ani işıq partlayışını saatlarla davam edə biləcək infraqırmızı parıltı izləyəcək. Tədqiqatçılara görə, bu hadisə bəşəriyyət tarixində qeydə alınmış ən enerjili Ay toqquşması ola bilər.
Alimlər bu toqquşmanın son dərəcə təsirli olacağını daha əvvəl də proqnozlaşdırmışdılar. Əvvəlki qiymətləndirmələrə görə, 2024 YR4 Aya çırpılsa, təxminən bir kilometr diametrində krater yarana bilər. Toqquşma zamanı təqribən 100 milyon metrik ton materialın üzə çıxacağı və bunun bir hissəsinin Yerə qədər çata biləcəyi ehtimallar arasında göstərilir. Təbii ki, belə bir ssenarinin mütləq baş verəcəyinə dair qəti zəmanət yoxdur. Lakin bu hadisə reallaşarsa, elm dünyası üçün tarixi bir an yaşanacaq.
Araşdırmanın müəlliflərindən biri, Çindəki Tsinxua Universitetinin tədqiqatçısı Yisüan Vu "Live Science” nəşrinə açıqlamasında bildirib:
"Əgər bu ssenari gerçəkləşərsə, planetologiya elmi üçün dönüş nöqtəsi olar. Yer–Ay sistemi asteroid toqquşmaları ilə bağlı anlayışlarımızı sınaqdan keçirə biləcəyimiz nəhəng bir səhnəyə çevrilər".