İranda bir sıra universitetlərdə tələbələrin etiraz aksiyaları ikinci gündür davam edir.
Turkustan.az xəbər verir ki, yerli media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi ali təhsil ocaqlarında aksiyalar toqquşmalarla müşayiət olunub. Hadisələr İranın ABŞ-la nüvə danışıqları fonunda Vaşinqtonun bölgədə hərbi mövcudluğunu artırdığı bir vaxta təsadüf edir.
İran dövlət televiziyası Tehranda hökumətyönlü tələbələrin aksiyasına “tələbə kimi görünən şəxslərin” hücum etdiyini, daş atılması nəticəsində xəsarət alanların olduğunu bildirib. ABŞ-da yerləşən HRANA hüquq-müdafiə qrupunun yaydığı videolara əsasən, Məşhəd şəhərindəki universitetlərdə də etirazlar keçirilib və təhlükəsizlik qüvvələrinin müdaxiləsi yaralanmalara səbəb olub.
Şənbə günü yayılan kadrlarda Tehrandakı Şərif Texnologiya Universitetinin tələbələrinin ölkənin ali rəhbəri Əli Xamenei əleyhinə şüarlar səsləndirdiyi, devrilmiş şahın sürgündə yaşayan oğlu Rza Pəhləvinin lehinə çağırışlar etdiyi görünür.
Son etiraz dalğası ötən ilin dekabrında iqtisadi çətinliklərə qarşı aksiyalarla başlayıb və siyasi şüarlara çevrilib. Yanvar ayında baş verən iğtişaşlar 1979-cu il İslam İnqilabından bəri ən ciddi daxili qarşıdurma kimi qiymətləndirilir./modern.az