Mustafa Kamal Atatürkün dilimin əzbəri olan gözəl bir sözü var: “Yer üzərində gördüyümüz bütün gözəlliklər Qadınların əsəridir”. Bəzən o qadınlar zəhmətsevərliyi, zəkası, zərafəti, biliyi, bacarığı ilə elə gözəl nəqş edirlər ki, bu cahanı… Tanrı özü də xəlq etdiyi zər kimi insanların zərgər əməyinə heyran qalır…
Bəli, böyük Atatürkün söylədiyi kimi, Tanrı öz fitrətindən yaradıcı güc bəxş edib qadını yaradanda… Qadın olmaq sözün bütün mənalarında ən ali səadətdir. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən Uca Qadın olasan...
Öz İşığı, zəngin dünyagörüşü, dərin biliyi, ağlı, zəkası, peşəsinə sədaqəti, insanlığı, xanımlığı, alicənablığı, kübarlığı, səmimi və içdən natiqlik qabiliyyəti, zəhmətkeş əlləri və işində son dərəcə peşəkarlığı ilə çalışdığı bütün kollektivlərdə böyük sevgi və inam qazanan, Şərəflə daşıdığı Müəllim adı ilə, şam kimi öz ömrünü əridərək yandırdığı İşıqla cəmiyyətimizdə qadın adına daha bir ucalıq bəxş edən gözəl bir Türk xatunundan – Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 33 nömrəli orta məktəbin İbtidai sinif müəllimi Ziyafət xanım Hüseyn qızı Səlimovadan bəhs edəcəyəm…
Bir neçə gün öncə İctimai televiziyada həmkarım “Əsl Müəllim necə olmalıdır?” sualını ünvanlamışdı və mən yaddaşımı vərəqləyib iç dünyamdakı “müəllim obrazı”mı sözlə ifadə etməyə macal tapmamış 6 yaşlı qızım “Ziyafət müəllimə kimi” cavabını vermişdi Elmar bəyə. Bu dünyanın ən ideal tərəzisi uşaqların qəlbi, ən qiymətli ölçü əyarı körpə qəlbində pöhrələyən sevgidir. Onların gözündəki mərtəbədən, onların qəlbindəki ucalıqdan, onların içindəki sevgidən daha böyük fəxri ad təsəvvür edə bilmirəm Müəllim üçün...
İllər öncə Yəmən məktəblərinin birində çəkilmiş bir foto uzun müddət yaddaşımdan iz qoymuşdu: Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında yumru bir dəlik yaranıb. Gənc bir müəllimə sarı – qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Şagirdlər hər geriyə dönüb baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri düşən Günəşi görürlər. Bəli, Müəllim dediyin bomba dəliyini Günəş yapan Bilgə İnsandır...
Qızlarımın dilinin əzbəri, körpə ürəklərindəki “ideal müəllim obrazı” ailəmizin ən əziz insanı Ziyafət xanım Səlimova haqqında yazmaq istəyəndə qeyri-ixtiyari olaraq o divarda Günəş şəkli çəkən müəllimənin obrazı canlandı gözlərimdə. İlahi bir doğmalıqla Ziyafət xanımın körpə fidanlar üçün yorulmaq bilmədən haqqı ödənilməz fədakarlıqlarını həmin o müəllimənin Günəş rəsminə bənzətdim... Bəli, Müəllim dediyimiz həyatımızdakı çirkinlikləri gizlədib üstünə Günəş örtən, Özünü şam kimi əridib ruhumuza hənirti olan, yaradılmışın ən Uca ürəkli olanıdır...
Bu günlərdə mətbuatda Aqil Abbasın "Direktor" başlıqlı olduqca ciddi bir yazısını oxudum. İllər öncə "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" deyən Aqil Abbas nə dərəcədə milli yanğı ilə vətəndaş yazıçı mövqeyini ortaya qoymuşdusa, eyni həssaslıqla ədibin bu yazısında da vətəndaş ziyalı, pedaqoq mövqeyini müşahidə etdim: "Yaponlar bizim kimi aş bişirə bilməsə də, elmi-texniki inkişafda dünyanın yiyəsidirlər. Onları dünyanın yiyəsi eləyən məktəblərdi, müəllimlərdi".
Aqil Abbasın bu dəyərli qənaəti Hüseyn Cavidin 100 il bundan əvvəl yazdığı "Naxçıvana nə lazımdır?" məqaləsini yaddaşımda sətir – sətircanlandırdı:
"Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp ibtidai məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün "ən doğru meyar, ən kəsdirmə yol" kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon məktəb müəllimlərinin, xüsusilə ibtidai sinif müəllimlərinin yapon vətənpərvərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.
"Həsb – hal" məqaləsində yazırdı ki, "bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır". Bu günün məktəbi mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə öz təsirini göstərəcəkdir.
Bəli, tərəqqinin – yüksəlişin cığırı sözün bütün mənalarında məktəbdən keçir. Məktəb müəllimindən tutmuş kitabınacan ona aid olan bütün nəsnələriylə müqəddəs bir ocaqdır.
Krımda Bağçasaray yaxınlığında bir mədrəsə var, adına "Zəncirlənmiş məbəd" deyirlər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına isə girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır. Məbədin girəcəyində asılmış zəncirlər məhz simvolik olaraq buna işarədir.
Məktəb cəmiyyətin mənəvi barometri, mənəviyyat aynasıdır. Cəmiyyətin sağlamlığı və ya ondakı mənəvi çatışmazlıqlar da məktəbdən qaynaqlanır.
Əslində, bütün milli düşüncəli aydınlarımız - Mehmet Akif Ersoy, Namiq Kamal, Əbdülhaq Hamid, Kamal Tahir, Ömər Seyfəddin, Çokan Vəlixanov, İbray Altınsari, Abay Kunanbayev, Oljas Suleymenov, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və adını çəkə bilmədiyim maarifçi ziyalılarımızın hamısı məhz bunun üçün çarpışırdılar ki, bu gün məktəblərimizdə körpə fidanlar boy verib çiçəkləsin, ordan bahar ətri gəlsin.
Bizim böyük ziyalılarımız həm də işıqlı müəllimlər olublar və Müəllim adı, peşə vicdanı bizlərdən ötrü həmişə bütün adlardan, mərtəbələrdən uca olub. Müəllimlərimizin yetirmələrindən ötrü etdikləri isə həm də millətin sabahı üçün özlərini fəda etməyə bərabər olub...
***
Sağlam toplum o zaman formalaşır ki, o toplumu bina edən insanların ruhu və düşüncəsi sağlam olsun. Körpələrimizin ruhən, mənən, qəlbən sağlıqlı və təfəkkürlü böyüməsi üçün yorulmaz əməyi olanların ən öndə gedənidir Ziyafət xanım. Zərif çiyinlərini cəmiyyətimiz üçün mənəvi sütuna çevirən, toplumun sağlam bir şəkildə ayaqüstə dayanması üçün əlindən gələni əsirgəməyənlərdəndi...
Gənc yaşında cəmiyyətimizə bu qədər faydalı olmağa çalışan və gördüyü bütün işlərin öhdəsindən gözəl gəlməyi bacaran, gəncliyində müdrikləşən Ziyafət xanım kimi insanlarımızın varlığı bizlər üçün həm də ən gözəl örnəkdir, övladlarımızın bənzəməli olduğu ən doğru nümunədir– zəhmətkeşlik, vicdan, ləyaqət,dürüstlük, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq və ən əsası İNSANLIQ nümunəsi…
Tale elə gətirib ki, biz qısa bir zaman kəsiyində Ziyafət xanımla həm də çiyin-çiyinə çalışmışıq. Hətta ən yaxın doğmalarına belə övladını əmanət edə bilməyən anaların ilk tanıdıqları gündən gözüyumulu bir güvən hissi ilə, dərin bir könül rahatlığlı ilə Ziyafət müəlliməyə övladını əmanət etməsini, bir pedaqoq kimi ona olan heyranlığı dəfələrlə müşahidə etmişəm. Və Ziyafət müəlliməni tanıdığım müddət ərzində müşahidələrim bütün qəlbimlə mənə bunu deməyə əsas verdi ki, insanın içində işıq varsa, o işıq təkcə onun yaşadığı evi, öz ailəsini, qan bağı olan insanların həyatını deyil, həm də can bağı olan yetirmələrinin – təlim etdiyi çoçuqların içini aydınlandırır. Sanki o işıq təkcə Ziyafət müəllimənin içində deyil, Ziyafət müəllimə təpədən-dırnağa ilahi nurla süslənmiş o İşığın özüdür...
Bir ananın evdə böyütdüyü iki uşağın güclə öhdəsindən gələ bildiyi halda, bir müəllimənin eyni vaxtda o qədər şagirdi eyni nəvazişlə, eyni şəfqətlə təlim – tərbiyə etməsi nə qədər ağır işdir, bilirsinizmi?! Hələ bütün bunları sonsuz sevgiylə, mərhəmətlə, həzin toxunuşlarla, xüsusi metodlarla məharətlə bacarırsa, ona sadəcə "Əhsən!" deyə bilirsən. Mən Ziyafət xanımın övladlarımıza necə Ana şəfqətiylə, Ana sevgisiylə bağlılığını, qayğısını, nəvazişini gördükcə onun böyük ürəyini həmişə ayaqüstə alqışlayıb belə örnək insanlar xəlq etdiyi üçün Tanrıya öz qəlbimdə nəhayətsiz şükranlıq etmişəm...
Pedaqoji prosesi dərindən bildiyimdən və uzun müddət ali məktəbdə tədris prosesində çalışdığımdan dolayı məhz bu gün orta məktəblərimizdə müəllimlərimizin gördüyü işi, zəhməti şişirtmədən, mübaliğəsiz, sözün həqiqi mənasında, qəhrəmanlıq –böyük fədakarlıq hesab edirəm. Eşq olsun!
***
Etiraf edim ki, mən Ziyafət xanımı dinləməklə bir valideyn kimi bilmədiklərimi öyrənmiş və onun pedaqoq kimi doğru yöntəmləri ilə həmişə özümü tərbiyə etməyə çalışmışam.
Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, "Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur"
Nə mutlu bizə ki, Ziyafət xanım kimi gənc ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Ziyafət xanım fərd olaraq sadəcə həyatına toxunduğu hər bir uşağın deyil, bütövlükdə cəmiyyətimizin sağlam təfəkkürlü gələcəyi üçün nəhayətsiz çaba göstərməkdədir.
Nə mutlu bizə ki, tövsiyələrindən, söhbətlərindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə xanımlıq, xatunluq öyrəndiyimiz Ziyafət xanım var həyatımızda. Nə yaxşı ki Var!...
Ziyafət xanım Səlimova... nəhayətsiz sevgimizin və təşəkkürlərimizin ünvanı...
Özü ən ləyaqətli örnək olmaqla, valideyn kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və düşüncəmizi formalaşdıran, möcüzəli toxunuşuyla balalarımızın mənəvi dünyasını inşa edən Memar...
Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan qayğıkeş, nəvazişli, şəfqətli Ana...
Çiynini cəmiyyətimiz üçün mənəvi sütun edən, qarşılaşdığı xarakterlərdəki naqislikləri, kələ-kötürləri rəndə kimi hamarlayan, sağlam bir nəsil yetişdirmək üçün yorulmaq bilmədən çalışan fədakar Adam...
Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir... Ziyafət xanım Allahın ona verdiyi ömür payını – zamanını, bir saniyəsini belə boşuna xərcləmədən dəyərləndirir. Yorulmaq bilmədən, usanmadan, bezikmədən, hər cür ərköyünlüklərindən incinmədən pərvanə kimi dolanır övladlarımızın başına... həm də dopdoğma Ana nəfəsi ilə... öz doğma yavrusu kimi, öz can parçası kimi... Kaş ki, bizim balalarımız hər şeydə bizlərdən çox Ona bənzəsin!
Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi,ki bunu da hamı bacarmır... Hər kəsin sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə çox böyük ucalıqdasınız, Zifayət xanım! Siz böyük bir valideyn ordusunun ilk görüşdən gözüyumulu güvənini qazanmış nadir insanlardansınız!
Bu cəmiyyətin mənəvi sütunu hələ də dağılmayıbsa, bu, Sizin kimi fədakar müəllimlərimizin sayənizdədir, Ziyafət xanım! Öyrətmən sadəcə elm öyrədən deyil, uşaqların xarakterindəki naqislikləri tərbiyə edə-edə, rəndə kimi cəmiyyətin kələ - kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır - Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır...
Yazımın əvvəlində danışdığım bomba dəliyinin əhatəsinə Günəş çəkən müəllim kimi... Bəli, Müəllim dediyin bomba dəliyini Günəş yapan Bilgə İnsandır...
Siz bizim qəlbimizdə həmin o Bilgə İnsansınız, Ziyafət Müəllimə!
“Əsərinin üzərində imzası olmayan yeganə sənətkar Müəllimdir!”- deyirdi böyük Atatürk. Daha gözəl əsərlər yaza-yarada, topluma faydalı gözəl insanlar yetirə bilməyiniz üçün Tanrı Sizə möhkəm can sağlığı versin!
İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur!
Sizin şərəfli müəllim adınız, böyüklüyünüz və ülviyyətiniz qarşısında baş əyirəm, dəyərlim Ziyafət xanım! Əllərinizdən öpürəm! Ünvanınıza söylənən bütün xoş kəlmələr öz halal zəhmətinizin bəhrəsi, halal haqqınızdır. İçimizdə Sizə ünvanlanan ümman qədər sevgini bir yazıya sığdıra, yorulan gözlərinizin haqqını ödəyə bilərikmi?! Uca Tanrı nurlu çöhrənizdə təbəssüm mənbəyi olan səbəbləri Sizə, Sizin varlığınızı isə övladlarımıza doyunca versin! Sizə yorulmaz fəaliyyətinizdə bol-bol başarılar diləyirəm!
Böyük sayğı və sevgilərimlə: Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru