İraq ordusuna ağır zərbə – Tibb məntəqəsi və mühəndis bölməsi hədəf alındı


İraqın Ənbar vilayətində yerləşən hərbi tibb məntəqəsi və mühəndis bölməsinə endirilən hava zərbələri nəticəsində ən azı 7 İraq hərbçisi şəhid olub, 13 nəfər isə ağır yaralanıb.

Turkustan.az xəbər verir ki, İraq Müdafiə Nazirliyinin yaydığı rəsmi bəyanata görə, hücum yerli vaxtla saat 09:00 radələrində Həbbaniyə bölgəsindəki hərbi bazanın tibb mərkəzini hədəf alıb. Nazirlik bu hadisəni beynəlxalq hüququn "kobud və ciddi şəkildə pozulması" adlandıraraq pisləyib, xüsusilə yaralıların müalicə olunduğu və insanların həyatının xilas edildiyi bir müəssisənin vurulmasını "hər cür meyarlarla iyrənc cinayət" kimi xarakterizə edib. Hadisə yerində hazırda axtarış-xilasetmə qrupları fəaliyyətini davam etdirir və dağıntılar altından yeni qurbanların çıxarılma ehtimalı var.

Qeyd edək ki, bu, son iki gündə Ənbar vilayətində qeydə alınan ikinci dəhşətli hücumdur. Dünən eyni bölgədə "Həşdi-Şabi" qüvvələrinin qərargahının vurulması nəticəsində qruplaşmanın Ənbar əməliyyatları komandiri Səad əl-Bəyici də daxil olmaqla 15 dövüşçü həlak olmuşdu. Rəsmi Bağdad həm ABŞ, həm də İranın İraq ərazisində həyata keçirdiyi hərbi əməliyyatların ölkənin suverenliyini təhlükə altına atdığını bildirərək hər iki tərəfə sərt etirazını bildirib.

Regionda ABŞ-İsrail koalisiyasının İrana qarşı başlatdığı "Epik Qəzəb" əməliyyatı fonunda İraqın yenidən böyük güclərin döyüş meydanına çevrilməsi ölkədə vətəndaş müharibəsi qorxusunu artırıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ