Akademik Darxan Kıdırəli: dünya türklüyünə xidmət örnəyi -FOTOLAR


Zəngin erudisiyası, milli düşüncəli vətəndaş mövqeyi, ümumtürk məfkurəsinə son dərəcə bağlılığı, özünəməxsus yazı və üslub manerası, xüsusi dəsti-xətti ilə dünya türkologiya elminə müstəsna töhfələr verən Darxan Kıdırəli Türk dünyasının ən fəal və fədakar araşdırmaçılarından biridir. Uzun illər ərzində onun ərsəyə gətirdiyi çoxsaylı tədqiqat əsərləri türk xalqlarının birliyi, Türk dünyasının keçmişi və gələcəyi haqqında tarixi həqiqətlərə söykənən sanballı və dərin məzmunlu elmi irsdir.
Darxan bəyin geniş miqyaslı elmi axtarışları Altaylardan Balkanlaradək bütün tarixi türk torpaqlarını – türk insanının ayağı dəyən, nəfəsi toxunan geniş Türk coğrafiyasını əhatə edir, eyni soy-kökə, ortaq mədəniyyətə söykənən qədim tariximizdən günümüzədək uzanan böyük zaman kəsiyini əhatə edir. Türklərin tarixən və bu gün yaşadığı coğrafiyada yaratdıqları tarixi abidələrin, o cümlədən, qədim türklərin mifoloji, etimoloji, kulturoloji mədəniyyətinin öyrənilməsi Darxan Kıdırəlinin çoxşaxəli elmi yaradıcılığının əsasını təşkil edir.
Darxan Kıdırəli Xoca Əhməd Yasəvi adına Türk-Qazax Universitetində, L.Qumilyov adına Milli Avrasiya Universitetində, Qazaxıstan Respublikasının Prezident Administrasiyasında, Mədəniyyət nazirliyində və Türk Şurasında məsul vəzifələrdə çalışıb. Darxan bəy hazırda Qazaxıstan Parlamentinin senatorudur.
Çalışdığı bütün vəzifələrdə yüksək təşkilatçılıq və idarəçilik qabiliyyəti nümayiş etdirən Darxan Kıdırəli həm görkəmli alim və həm də peşəkar məmur kimi müstəqil Qazaxıstan dövlətçiliyi və bütün türk dünyası üçün çox faydalı işlər görüb.
Darxan Kıdırəlinin ən parlaq fəaliyyət sahələrindən biri də Beynəlxalq Türk Akademiyası (BTA) olub. 2014-2022-ci illərdə BTA-nın prezidenti olduğu müddətdə Darxan bəy yüksək dövlətçilik təfəkkürü ilə, siyasi dünyabaxışla elmi idealları birləşdirməyi, onların üzvü vəhdətinə nail olmağı bacaran elm ağırlıqlı ictimai-siyasi xadim kimi tanınıb. Türk dünyasında inteqrasiya proseslərinin genişlənməsində və inkişaf etdirilməsində akademik Darxan Kıdırəlinin və onun uzun illər uğurla rəhbərlik etdiyi Beynəlxalq Türk Akademiyasının mühüm rolu var. O, müstəqil türk dövlətləri birliyi ideyası zəminində meydana çıxan Türk Akademiyasının işlərini əsaslı şəkildə yenidən qurub, bu Akademiyaya təkcə türk dövlətləri arasında deyil, bütün dünya miqyasında beynəlxalq status qazandırıb. Məhz akademik Darxan Kıdırəlinin sayəsində Beynəlxalq Türk Akademiyası Şərqdə tanındığı qədər də Qərbdə geniş beynəlxalq müstəviyə çıxıb. Darxan bəy özünün mənəvi müəllimi hesab etdiyi İsmayıl Qaspıralının “İşdə, dildə, fikirdə birlik” ideyasını Beynəlxalq Türk Akademiyasının fəaliyət devizinə çevirib. Darxan Kıdırəlinin təşəbbüsü ilə hər il Astanada keçirilən “Böyük Çöl” Humanitar Forumu Türk dünyasının bütün araşdırmaçıları üçün görüş və fikir mübadiləsi yeri olub. Bu forumun çağdaş dövrümüzdə xalqlarımız arasında elmi-ədəbi-mədəni münasibətlərin inkişafına güclü təkan verdiyi şübhəsizdir. Beynəlxalq Türk akademiyasının prezidenti kimi Darxan bəyin diqqət çəkən fəaliyyət istiqamətlərindən biri də sovet dövründə pantürkizm damğası ilə repressiyaya uğramış və az qala adları unudulmaqda olan, böyük fikir və elm adamlarının tanıdılması olub. Darxan bəy Türk dünyasının mədəni-mənəvi birliyinin qorunub saxlanmasına xidmət etmiş görkəmli şəxsiyyətlərin əsərlərinin üstündən “sovet tozunu” silib təmizləyib, onların özlərini və çoxsaylı əsərlərini “unudulmaq təhlükəsindən” xilas edib. Məhz Darxan bəyin ardıcıl səyləri və məqsədyönlü çalışmaları nəticəsində “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı” və “Ortaq türk coğrafiyası” dərsliklərinin hazırlanması məsələsi öz həllini tapıb.
Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrinin əsərlərinin Türk dünyasına tanıdılması istiqamətində də Darxan Kıdırəli Beynəlxalq Türk Akademiyasının prezidenti kimi əvəzsiz xidmətlər göstərib. Darxan Kıdıralı Azərbaycan elmi-mədəni ictimaiyyətinin yaxın və etibarlı dostu və ortaq tariximizin fədakar təəssübkeşidir. Onun misilsiz xidmətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib və dövlət başçısının sərəncamı ilə Darxan Kıdırəli 2017-ci ildə “Dostluq” Ordeni ilə təltif edilib.
Darxan bəy bütün elmi yaradıcılıq fəaliyyətini türklüyə xidmət amalına həsr edib. Beynəlxalq Türk Akademiyasının rəhbəri olduğu dönəmdə Darxan bəy bir sıra arxeoloji qazıntıların aparılmasına, yerin təkində, tarixin gizli qatlarında qalan həqiqətlərin üzə çıxarılmasına, tarixi-kulturoloji, etnoqrafik, mifoloji əhəmiyyətə malik tədqiqatların aparılmasına nail olub. Həmin araşdırmalar haqqında Darxan bəyin qələmə aldığı elmi məqalələr türklərin qədim əlifbaları, daş yazıları, adət və ənənələri, yaşam qaydaları, incəsənəti barədə oxuculara kifayət qədər maraqlı və dərin məlumatlar verir. O həmçinin Türk tarixinin, mədəni irsinin formalaşmasında izlər qoymuş, amma tarixin axarında sanki qismən unudulmuş görkəmli Türk xaqanlarının, sərkərdələrinin, ictimai xadimlərinin yenidən gənc nəslə tanıdılması istiqamətində elmi araşdırmalar apararaq ortaya dəyərli tədqiqat əsərləri qoyub.
Uzun illər ulu babalarımızın, əcdadlarımızın bizə miras qoyduğu daş kitabələri oxumaq üçün yollara çıxan Darxan bəyin dünya türklüyünə göstərdiyi əvəzsiz xidmətlərdən biri də Azərbaycan dilində yenicə çapdan çıxmış “Daşa yazılan tarix” əsəridir. Əminəm ki, bu kitab amalı və əqidəsi Türk birliyi olan hər birimiz üçün tarixi keçmişimizlə bağlı yeni bilgilərə yiyələnməyimiz üçün çox dəyərli bir mənbə rolunu oynayacaq.
Elmi-mədəni sferada gerçəkləşən bu tədbirlər qardaşlığımızın daha bir təntənəsidir. Şübhəsiz ki, ölkələrimiz arasında günü-gündən inkişaf edən bu münasibətlər bütövlükdə Türk dünyası çərçivəsində mədəni-ədəbi-elmi əlaqələrin inkişafına da mühüm töhfə verir. eyni soykökə, ortaq tarixə və mədəniyyətə malik xalqlarımız arasında münasibətlərin inkişafı həm də türk dünyasını inkişaf etdirən amillərdən biridir və Türk dünyasında gedən inteqrasiya proseslərinə verilən növbəti dəyərli töhfədir.
Hörmətli Darxan bəyin elmi yaradıcılığa sərf etdiyi fədakar əməyinə hörmətimi və ehtiramımı ifadə edərək, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Kitabın işıq üzü görməsində böyük əməyi olan Beynəlxalq Türk Mədəni İrsi Fondunun prezidenti dəyərli Aktotı xanım Raimkulovaya və “Daşa yazılan tarix” kitabındakı məqalələri Azərbaycan dilinə çevirmiş Aidə Eyvazlının da əməyini yüksək qiymətləndirirəm və onların bu fəaliyyətini ürəkdən alqışlayıram.
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfəf doktoru


MANŞET XƏBƏRLƏRİ