Paşinyanın helikopteri niyə təcili eniş etdi? – Sensasion


Ermənistanın Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor (Qarakilsə – red.) stadionuna məcburi eniş edib. Məlumata görə, o, Taşirə (Kalinino – red.) gedirmiş.

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həyatını itirməsi fonunda bu hadisə diqqət çəkir. Bəzi versiyalara görə, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı əslində sui-qəsd cəhdi edilib.

Bu versiya realdır? Paşinyana sui-qəsd edilib, yoxsa bu sadəcə texniki problemdir? Hadisənin pərdəarxasında hər hansısa bir ölkə dayanır?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, son günlər ard-arda baş verən hadisələr, dövlət başçılarının yaralanması, həyatını itirməsi kimi olaylar, təbii olaraq hər hadisənin pərdəarxası məqamının olduğunu düşünməyə səbəb olur:

“Misal üçün, Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd edildi. Daha sonra İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digərləri helikopter qəzasında həlak oldu. Dünən isə Çexiya Prezidenti Pyotr Pavel idarə etdiyi motosikletlə qəzaya uğrayıb. Bütün bu hadisələrin fonunda indi də Ermənistanın Baş naziri Nikol Paşinyanın helikopterinin məcburi eniş etməsi təbii olaraq ona sui-qəsd cəhdini aktuallaşdırır.
Hadisənin sui-qəsd cəhdi olması mümkün versiyadır. Çünki Ermənistanda bir müddətdir etiraz aksiyaları davam edir. Aksiyalar dinc xarakterli olsa da Keşiş Baqrat Qaltsyanın belə bir təlimat verməsi mümkündür.

Keşiş Baqrat özü Rusiya ilə yaxın təmaslar içərisindədir və bu təlimatın Rusiyadan gəlməsi ehtimalı real görünür. Bütün hallarda ortada bir insident var və istər-istəməz sui-qəsd versiyaları aktualdır.

Bu, sadəcə bir texniki problem də ola bilər. Amma son günlər bənzər hadisələrin tez-tez baş verməsi proseslərin sistemli olduğu təəssüratını yaradır. Hesab edirəm, yeni bir geosiyasi savaş ərəfəsindəyik və bu kimi insidentlər ilkin siqnallardır. Cənubi Qafqazda bu savaşdan sığortalanmayıb”.


MANŞET XƏBƏRLƏRİ