Ukraynada üç mindən çox məhkum müharibədə iştirak üçün müraciət edib


Üç mindən çox məhkum Ukraynanın müdafiəsində iştirak etmək üçün müraciət edib.

Turkustan.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Yelena Vısotskaya bildirib.

O bunun proqnozlaşdırılan bir rəqəm olduğunun qeyd edib.

“Biz bunu qanunun qəbulundan əvvəl proqnozlaşdırmışdıq. Demək olmaz ki, bizim potensial kimi göstərdiyimiz 20 min məhkumun hamısı ordu sıralarına qoşualacaq. Çünki ilkin sorğular zamanı 4500-ə yaxın məhkum öz istəyini ifadə etmişdi. Təbii ki, bu rəqəm gələcəkdə dəyişə də bilər”, - deyə Vısotskaya məhkumların səfərbərlik üçün göndərdiyi ərizələrin sayı ilə bağlı sualı cavablandırıb.

Nazir müavini qeyd edib ki, istəyən hər kəs şərti olaraq vaxtından əvvəl azad oluna və Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlaya bilməyəcək, çünki qanunda məhkumların müəyyən kateqoriyaları ilə bağlı məhdudiyyətlər var.

“Həmçinin, hərbi həkim komissiyaları da öz işini görür və təbii ki, məhkumlarda HİV infeksiyası, vərəm və ya hepatit kimi sosial təhlükəli xəstəliklər ola bilər. Bu isə onların bu layihədə iştirak etməsi üçün istisna haldır”, - Vysotskaya deyib.

Qeyd edək ki, mayın 17-də Ukrayna Prezidenti Volodimir Zelenski məhkumların səfərbər edilməsi haqqında qanun imzalayıb. Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlamağa hazır olan məhkumlar vaxtından əvvəl şərti azadlığa buraxılacaqlar. Ancaq bəzi kateqoriyalı məhkumlar bu hüquqdan istifadə edə bilməyəcəklər. Xüsusilə də, ağır cinayətlərə görə məhkum olunanlar üçün bu, mümkün olmayacaq. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ