11 may 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa üzrə uşaq və gənclərin V Respublika festival-müsabiqəsinin final mərhələsinin qala konserti keçirilib.

Festival-müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, milli musiqi alətlərinin və mədəni irsin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, xalqımızın mədəni həyatında özünəməxsus yer tutan zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, bu sahədə gənc nəslin bilik və bacarıqlarının artırılmasıdır.
Qala konsertdə tədbir iştirakçıları solo və kollektiv ifaları ilə tamaşaçılara milli zərb alətlərinin əsrarəngiz ritmlərini təqdim ediblər.
Ümumilikdə Respublika üzrə 34 rayon və Bakı şəhərinin 11 təhsil müəssisəsindən festival-müsabiqəyə 100-dən çox ərizə və video qəbul edilib.

Canlı və onlayn formatda təşkil olunan festival-müsabiqənin final mərhələsində Respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı Türkiyə, Malayziya, Rusiya, Belarusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, İsveçrə və digər ölkələri təmsil edən zərb çalğı alətləri ifaçıları onlayn şəkildə iştirak ediblər.
Qeyd edək ki, layihənin müəllifi və müsabiqənin rəhbəri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadədir.
Müsabiqənin nəticələrinə əsasən 7-11 yaş qrupunda nağara nominasiyasında solo ifada Qaçayev Kənan I yerə, Abdullayev Tamerlan, Ələkbərli Elmir II yerə, Ağakişiyev Ziya, Şirin Ömər III yerə, Cabbarov Nail həvəsləndirici yerə;
7-11 yaş qrupunda zərb çalğı alətləri nominasiyasında solo ifada Şəfiyev Röyal həvəsləndirici yerə, kollektiv ifada Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi II yerə;
12-16 yaş qrupunda nağara nominasiyasında solo ifada Zərbəliyev Eldar I yerə, Tağıyev Emil II yerə, Həmidli Orxan, Xasiyev Akşin, Ağalızadə Nazim III yerə, kollektiv ifada Gəncə şəhəri Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağara ifaçıları ansamblı I yerə, Bakı şəhər 17 nömrəli Uşaq Musiqi Məktəbi II yerə, Abşeron rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Salyan şəhər Q.Əsgərov adına Uşaq İncəsənət Məktəbi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Qavaldaş” nağara ritm qrupu III yerə;
12-16 yaş qrupunda zərb çalğı alətləri nominasiyasında kollektiv ifada Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbi III yerə;
17-21 yaş qrupunda nağara nominasiyasında solo ifada Abdullayev Rüfət I yerə, Rüstəmov Yusuf II yerə, Məmmədzadə Dilqəm III yerə layiq görülüblər. Qaliblər diplomla, həvəsləndirici yer tutanlar sertifikatla təltif olunublar.

Qala konsertin təşkil olunmasını RUGİM-in Yaradıcılıq şöbəsinin bölmə müdirləri Nərgiz Sultanova və Gülnurə Əliyeva həyata keçiriblər.
Festival-müsabiqənin münsiflər heyətində tanınmış nağara müəllimləri – Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Təhmasib Məmmədov, Bakı Xoreoqrafiya Akademiyasından Azər Məlikov və Ələkbər Məmmədov təmsil olunub.





