Kremldən sürpriz qərar: Niyə Azərbaycandan geri çəkilirlər?


Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi vardı.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalması üçün əsas qalmayıb:

“Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ Müharibəsi, o cümlədən Qarabağda separatizmə son qoyduqdan sonra növbəti uğurumuz sayıla bilər. Çünki Rusiya sülhməramlıları 2020-ci ilin noyabrında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi vardı. Bu təhlükə ötən ilin sentyabrında Qarabağa tam nəzarətimizi bərpa etdikdən sonra ortadan qalxdı və rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı. Buna baxmayaraq, bəziləri məsələyə yenə şübhəylə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır” kimi fikirlər səsləndirirdilər.

Halbuki Azərbaycanın yaxın tarixdə Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı. Bu iki nümunədən çıxış edərək, Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi.

Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı, gah ermənilərin geri qayıdacağını deyir, gah da minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdi. Minatəmizləmə işi ilə peşəkarlar məşğul olur, bunun üçün aylarla kurslar keçirilir, sıravi hərbçilərin bu işlə məşğul olmaları təhlükəlidir.

Maraqlıdır ki, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasından bir gün əvvəl Dövlət Dumasının ermənipərəst deputatı, komitə sədrinin müavini Konstantin Zatulin söyləmişdi ki, Rusiya hərbi kontigentinin Qarabağda qalmasına ehtiyac qalmayıb. Demək, onun Kremldəki qərardan əvvəlcədən xəbəri olub. Doğru qərar veriblər”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ