“Əzəmətli və hikmətli bir dil”in məzhəri – “Məzhər üt-türki”


Məzhərəm, həm müzhərəm, həm məzhərin məzhuruyam.”

(Seyid Nəsimi)

“Dil xalqın ruhunun təzahürüdür”

(Humboldt)

Parlaq təzahür

Yola salmaqda olduğumuz 2023-cü il ( “Heydər Əliyev ili”) AMEA Nəsimi adına Dilçilik İnstitutu üçün olduqca yaddaqalandır. İl ərzində institutda keçirilən elmi konfrans və seminarlar, eləcə də beynəlxalq simpozium və konfranslarda Azərbaycan dilçilik elmininin layiqincə təmsil edilməsi, dilçiliyin müxtəlif sahələrinə dair tədqiqat əsərlərinin nəşri, kitab təqdimatları və s. – bütün bunlar institut rəhbərliyi və kollektivinin il boyunca göstərdiyi gərgin elmi fəaliyyətinin parlaq təzahürüdür. Bu təzahürün bir nümunəsi - yeni işıq üzü görən ən dəyərli kitablardan biri də XVIII yüzillikdə yaşayıb-yaratmış Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-Türki” kitabıdir. “Elm və təhsil” nəşriyyatında çapdan çıxan bu qiymətli əsər Qı­zıl­baş türk­cə­si­ni qey­ri-türk­lə­rə öy­rət­mək məq­sə­di­lə ya­zıl­mış­dır. Kitabın tərtibçisi, ön söz və şərhlərin müəllifi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, elmi redaktoru akademik Möhsün Nağısoyludur. Tərcüməçilər Teh­ra­nın Fər­han­gi­yan Uni­ver­si­te­ti­nin Fars di­li və ədə­biy­ya­tı fa­kül­tə­si­nin do­sent dok­to­ru, əs­lən azər­bay­can­lı İx­ti­yar Bəx­şi və Dilçilik İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Günel Orucovadır. İra­nın Qum şə­hə­rin­də mü­ha­fizə olu­nan, Azər­bay­can di­li və ta­ri­xi üçün bu mö­tə­bər və qiy­mət­li əl­yaz­ma­nı Teh­ra­nın Fər­han­gi­yan Uni­ver­si­te­ti­nin Fars di­li və ədə­biy­ya­tı fa­kül­tə­si­nin do­sent dok­to­ru, əs­lən azər­bay­can­lı İx­ti­yar Bəx­şi AMEA Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun baş di­rek­to­ru fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, professor Na­dir Məm­məd­li­yə hə­diy­yə et­miş­dir. İlk dəfə Azər­bay­can­da fars di­lin­dən tər­cü­mə edilərək çap olu­nan bu dərs­lik di­li­mi­zin in­ki­şaf yol­la­rı, ta­ri­xi tə­ka­mü­lü­nün öy­rə­nil­mə­si ba­xı­mın­dan çox də­yər­li və­sa­it­dir.

Həzin misraların izi ilə

Kitaba yazdığı “Ön söz”də Əbdürrəhim Ərdəbili Şirvanini bizə “türk (Azərbaycan türkcəsi nəzərdə tutulur - N.M.) və fars dillərində şeirlər yazan, böyük zövq və istedada malik fəzilətli şair və ədib” kimi təqdim edən hörmətli professor Nadir Məmmədlinin də qeyd etdiyi kimi, dərslik müəllifi qrammatik forma və şəkilçilərdən bəhs edərkən yeri gəldikcə klassik poeziyadan (Əlişir Nəvai və Məhəmməd Füzuli yaradıcılığından), öz şeirlərindən və b. beytlər seçərək nümunələr vermişdir. Söz ustadlarından gətirdiyi bu konkret misallar, dil faktları isə zənnimizcə, əsərin elmi-ədəbi əhəmiyyətini daha da artırmışdır. Nümunə olaraq göstərdiyi beytlərin əksəriyyəti isə “ustad” adlandırdığı Məhəmməd Füzulinin qəzəllərindəndir. Dərslikdə müəllifin “əfsəh üş-şüəra” (şairlərin ən fəsahətlisi, gözəl, axıcı şeirlər yazan) kimi dəyərləndirdiyi Əlişir Nəvaidən də misallar gətirilmişdir. Dərslikdəki şeir nümunələri içərisində diqqətimizi xüsusi cəlb edən bir beyt isə bizi əsərin yazılma tarixilə bağlı bəzi nəticələrə gətirib çıxartdı. Ədəbiyyat tariximizin səhifələrində şəxsiyyəti, gözəlliyi, və nisgilli taleyi və istedadlı qələmi ilə iz qoyan və çox az qismi bu günümüzə gəlib çatan şeirlərilə sevilən Ağabəyim ağanın dillər əzbəri olan:

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmirəm, ömrüm necə gəldi, necə getdi”, -

beytinin “Məzhər üt-Türki”də bir qədər fərqli variantı verilmişdir:

“Yarım gecə gəldi, yenə yarım gecə getdi,

Bilməm, yenə ömrüm necə gəldi, necə getdi.” (s.127)

Dərslikdə bəzi şeirlər (məsələn, Füzulinin beytlərindən bir neçəsi) kimi bu beytin də müəllifi qeyd olunmasa da, feilin keçmiş zamanından bəhs edərkən verdiyi bu məşhur beyt dərsliyin yazılma tarixinin Ağabəyim ağanın ilk gənclik dövründən sonrakı dövrə aid olduğunu düşünməmizə səbəb oldu. Böyük azərbaycanşünas alim-yazıçı Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” tarixi romanına istinadən, kiçik yaşlarından şeir yazan Ağabəyim ağanın bu şeirinin məhz 14-15 yaşlarında, hələ Qarabağda ikən yazıldığını nəzərə alsaq, 1780, bəzi mənbələrə əsasən 1782- ci ildə anadan olan şairin 1794-cü (1796) ildə yazılmış bu məşhur beytini dərsliyində nümunə verən Əbdürrəhim Şirvaninin “Məzhər üt-türki”ni məhz həmin illərdən sonra qələmə aldığını söyləmək olar. Gözəlliyi də, şeirləri də dillər əzbəri olan, Fətəli şah sarayında Vətən həsrətilə bağrı yanan Qarabağ gözəlinin hələ vətənindəykən yazdığı bu həzin misraların izi ilə əsərin yazılma tarixi ilə bağlı bu maraqlı məqamı araşdırarkən diqqətimizi cəlb edən digər dəyərli faktlarla qarşılaşdıq. Əsərin müəllifinin şəxsiyyəti və yaradıcılığı ilə əlaqədar araşdırdığımız bir neçə mənbə ilə tanış olarkən Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki”dən başqa qələmə aldığı digər əsərlər və ən əsası şəxsiyyəti ilə bağlı bir mühüm məsələ də aydınlaşdı. Müxtəlif farsdilli elmi mənbələrdən əldə etdiyimiz bilgilərdən, Əbdürrəhim Şirvaninin, əslində əsərlərini “Həzin” təxəllüsü ilə yazan Mirzə Əbdürrəhim Şirvani (Həzin Şirvani) olduğu məlum olur. Qacarlar dövrünün tanınmış söz ustadlarından biri olan Vüsal Şirazinın (1783-1846) ana babası olan Mirzə Əbdürrəhim Şirvani, dərsliyinin əvvəlində özü də qeyd etdiyi kimi, bir müddət Şirvanda, Şamaxıda yaşamış, sonra İrana gəlmişdir. “Məzhər üt-türki” kitabında da qeyd olunduğu kimi, Adil şahın əmriylə Şiraza gəlmiş, bir müddət orada yaşamışdır. Türk, fars, ərəb dillərini mükəmməl bilən, ideya və poetik üslub baxımından Məhəmməd Füzuli, Əmir Əlişir Nəvai və Hafizdən təsirlənmiş şair “Divan”, “Səfa əl-qülub”, “Hidayətnamə” və b. əsərlərin müəllifidir. Həmin əsərlərinin əlyazmalarının nadir nüsxəsi Təbriz Milli Kitabxanasında mühafizə olunur.

“Məzhər üt-türki” kitabının tərcüməçilərindən biri olan dos. dr. İxtiyar Bəxşi “Abdurrahim Erdebili Şirvaninin yaşamı hakkında” bəhs edərkən, “ İran Ulusal Konsorsiyumunun internet sitesinde Abdurrahman Erdebili Şirvaninin adının önünə “Mahzun” yazılmışdır. Mahzunun onun şiirsel lakabı mı, yoksa yayğın bir lakabı olduğu bilinmemekdedir. Abdurrahim Erdebili Şirvani, “Mezher üt- türki”de Mahzun lakabından söz etmemiştir”,-yazır. Zənnimizcə, həmin internet saytında qeyri-dəqiqliyə yol verilmişdir, “Mahzun” (Məhzun) sözü “Həzin” sözü ilə eyni kökdəndir. Qeyd edək ki, Ə. Şirvaninin dərsliyində “Həzin” təxəllüsündən bəhs edilməsə də, kitabın əvvəlində müəllif bu təxəllüsünə bir işarə etmişdir: “Türk dili sözlərinin qayda və qanunlarına uyğun yazılmış, bu əzəmətli və heybətli dilin həqiqətlərini və incəliklərini zehn və zəka sahiblərinin başa düşmələri üçün hər hansı bir kitab və ya risalənin yazılması bu kiçik bəndənin nəzərinə yetmədi. Bu məsələni türk olmağın qeyrətindən və ucalığından uzaq bildim və belə bir risalənin hazırlanması və tərtibi həzin xatirimdən keçdi.”

“Əzəmətli, hikmətli, ən üstün və ən kamil”

Əslində, “Məzhər üt-türki” əsəri, öz müəllifi barədə bizə çox şey “söyləyir” və bizdə, müəllifinə - öz millətini, ana dilini ürəkdən sevən, öz doğma dili ilə qürur duyan, “türk dili tamamilə əzəmətli və hikmətli bir dildir”, - deyə dilimizin əzəmətini, dəyərini gözəl bilən və onu türk olmayanlara öyrətmək üçün bütün biliyini, bacarığını meydana qoyan bu türk oğlunun – Əbdürrəhim Ərdəbili Şirvaninin şəxsiyyətinə böyük ehtiram yaradır. Risalənin əvvəlində müəllif yazır: “Bil ki, türkcə danışmaq çox yaxşı və bəyəniləndir və bu dil əmr-fərman sahiblərinin istiqlalının mühüm bir hissəsidir və zəmanə və dövrün və əmr sahibi olan sultanlar və hakimlərin dilidir. Bu dilin onların işlərinin həyata keçməsində hədsiz və sonsuz faydaları var və bəlkə də bu dil, onların dünyəvi işlərində ən üstün və ən kamildir. Əgər onlar bu məna libasını əyinlərinə geyinməyiblərsə, şübhəsiz, bu zəmanənin insanlarının nəzərində danlaq və məzəmmətə layiqdir və dövrün camaatının gözündə onlar üçün heç bir təmkin, vüqar, cəlal və etibar qalmaz.” - "Məzhər üt-türki"dəki bu fikirlər, professor Nadir Məmmədlinin də qeyd etdiyi kimi, “kitabın yazıldığı və ondan əvvəlki dövrlərdə İranda türk dilinin aliliyi və nüfuzu haqqında təsəvvür yarada bilir”.

Əsərə yazdığı ““Məzhər üt-türki”nin dil tariximizdə rolu” sərlövhəli üç bölümdən (““Məzhər üt-türki” kitabının müəllifi haqqında”, “Dərsliyin (risalə) yazıldığı dövr və tarixi şərait”, “ “Məzhər üt-türki”nin dil xüsusiyyətləri (qrammatik izahlar və lüğətçə)” ) ibarət geniş ön söz prof. Nadir Məmmədlinin əsər, onun müəllifi və yazıldığı tarixi şərait barədə, xüsusilə, onun elmi və tarixi əhəmiyyətinə dair qiymətli tədqiqatıdır. Görkəmli alimin son olaraq gəldiyi elmi nəticə də dəyərlidir: “ “Məzhər üt-türki” dərsliyindən aydın olur ki, XVI –XVIII əsrlərdə Azərbaycan türkcəsinin normalarında xəlqiləşmə prosesi getmiş, tələbata uyğun olaraq, müxtəlif anlayışları ifadə etmək üçün ümumxalq danışığa xas söz və ifadələrin işlədilməsi dil vahidlərinin ümumiləşmə prosesini və milli dilin formalaşmasını gücləndirmişdir. Sonrakı dövrlərdə Azərbaycan türkcəsinin leksik sistemində, qrammatik qaydalarında elə bir ciddi dəyişiklik baş verməmiş, dil və nitq normaları təkmilləşmə istiqamətində həm canlı danışıqda, həm də ədəbi dildə ümumiləşərək sabitləşmişdir. Bu onu göstərir ki, milli dil normalarının belə təzahürü həm ədəbi dil, həm də ümumxalq dili səviyyəsində çox dərin qatlarda gedən prosesin nəticəsidir.”

Məzhər içində məzhər, yaxud məzhərin məzhəri

Əbdürrəhim Şirvaninin “Məzhər üt-türki” əsəri müəllifinin “əzəmətli və hikmətli bir dil” kimi dəyərləndirdiyi türkcənin (Azərbaycan türkcəsi) açıq-aydın, parlaq bir təzahürü - məzhəri kimi qiymətlidir. Dil özü isə “xalq ruhunun təzahürüdür” (Humboltd). “Məzhər üt-türki” - xalqın ruhunun təzahürü olan “əzəmətli və hikmətli bir dil”in məzhəri, təzahür kitabıdır.Başqa sözlə, təzahürün təzahürü , məzhərin məzhəridir!

Bu kitab həm də onu yazan alimin elm və istedadının bir məzhəridir. Hər bir yaradılan onu yaradanın bir əsəri, onun varlığının bir məzhəri olduğu kimi, “Məzhər üt-türki”ni də öz müəllifini – Əbdürrəhim Ərdəbili Şirvanini (Mirzə Əbdürrəhim Həzin Şirvanini) bir alim və dilçi olaraq bizə tanıdan bir məzhər kimi dəyərləndirmək olar. Bir sözlə, “Məzhər üt-türki” kitabı, sanki məzhər içində məzhər, yaxud məzhərin məzhəridir. Bu məqamda Seyid İmadəddin Nəsimi Şirvaninin bir möhtəşəm beyti də yada düşür:

“Zahirü batin mənəm, peydavü həm pünhan mənəm,

Məzhərəm, həm müzhərəm, həm məzhərin məzhuruyam”.

Onu da qeyd etməliyik ki, “Məhzər üt-türki” əsərinin çapı öz elmi-tarixi dəyəri ilə yanaşı, həm də onun müəllifinin - Mirzə Əbdürrəhim Həzin Şirvaninin yaradıcılığı və şəxsiyyətinin Azərbaycanda daha yaxından tanıdılmasında bir ilk “məzhər” olduğu üçün də qiymətlidir. Hələlik yeganə mətbu əsəri “Məzhər üt-türki” olan Əbdürrəhim Ərdəbili Şirvaninin - bu dəyərli alim və şairin İranda araşdırma mövzusu olan digər əsərlərinin, Azərbaycanda da tədqiqata cəlb ediləcəyinə inanırıq.

Elmi ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirilərək təqdir edilən, eyni zamanda beynəlxalq səviyyədə də tanıdılan ( bu işdə, 2023-cü ildə gənclər arasında “İlin alimi” nominasiyasına layiq görülmüş gənc alim, dosent Vəfa Abdullayeva-Nəbiyevanın xidməti böyükdür) və dəyərləndirilən “Məzhər üt-türki” kitabını bizə hədiyyə edən görkəmli dilçi alim, Türk Dil Kurumunun fəxri üzvü, dəyərli qardaşım professor Nadir Məmmədliyə elmi fəaliyyətində yeni uğurlar arzulayır, bu günədək dilçilik elmimizə və kitab mədəniyyətimizə - milli-mədəni irsimizə etdiyi xidmətlərinə görə onun hər zaman Uca Yaradanın (c.c.) lütfünə məzhər olmasını diləyirəm.

Dos. dr. Şəlalə Ana Hümmətli


MANŞET XƏBƏRLƏRİ