Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk xalqlarının mədəni irs sərgisi” layihəsi çərçivəsində Bakıda keçirilən “İpək tək səma” müəllif kukla biennalisinin proqramı 6 sentyabr 2026-cı il tarixində ustad dərsləri və mədəni irs məkanlarına səfərlərlə davam edib.
Günün ilk hissəsində “ Leyla Khazari “ Art Gallery-də türk xalqlarının mədəni irsi, sənətkarlıq ənənələri və yaradıcılıq nümunələrinə həsr olunmuş ustad dərsləri təşkil edilib.
Ustad dərslərində müxtəlif ölkələrdən olan sənətkarlar öz yaradıcılıq təcrübələrini bölüşüb, iştirakçılara sənətkarlıq ənənələri və kukla sənəti ilə bağlı praktiki və yaradıcı yanaşmalarını təqdim ediblər.
Tədbir qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli mühit yaradıb. Müxtəlif türk xalqlarının sənət ənənələrinin bir araya gətirilməsi iştirakçılara ortaq mədəni irsin fərqli ifadə formalarını yaxından tanımaq imkanı verib.
Ustad dərslərinin əsas məqsədlərindən biri ənənəvi sənətkarlıq irsinin qorunması, yaradıcı nəsillər arasında təcrübə mübadiləsinin təşviqi və türk xalqlarının ortaq mədəni dəyərlərinin müasir yaradıcılıq vasitələri ilə təqdim olunması olub.
Proqramın ikinci hissəsində layihə iştirakçıları “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər ediblər. Qonaqlar qoruğun ərazisi ilə tanış olaraq Azərbaycanın təbii və tarixi-mədəni irsinin özünəməxsus nümunələrindən biri haqqında məlumat əldə ediblər.
Günün sonunda isə iştirakçılar Balaxanı ərazisində gəzintidə olublar və Azərbaycan mədəni mühitinin fərqli nümunələri ilə tanış olublar.
6 sentyabr tarixində keçirilən proqram “İpək tək səma” Kukla Biennalisinin əsas ideyasını – sənət, mədəni irs, yaradıcılıq və xalqlar arasında mədəni dialoqun təşviqini – praktik müstəvidə davam etdirib.
Layihə çərçivəsində Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan sənətkarların iştirakı türk dünyasının ortaq sənət və mədəni irsinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyıb.









