Bəşər Əsəd rejiminin işgəncə, qətl və digər cinayətlərdə ittiham olunan Baş Təhlükəsizlik İdarəsinin keçmiş rəhbəri Hüssam Luka Moskvada gizlənir.
Turkustan.az xəbər verir ki, bunu “BBC News”-un araşdırma aşkar edib.
"Hörümçək" ləqəbi ilə tanınan Luka Suriya təhlükəsizlik xidmətlərinin ən nüfuzlu və qəddar üzvlərindən biri hesab olunurdu. O, vətəndaş müharibəsinin ilk illərində Homsda siyasi təhlükəsizliyə nəzarət edib və daha sonra Əsəd rejiminin əsas kəşfiyyat orqanlarından biri olan Baş Təhlükəsizlik İdarəsinin rəhbəri olub. Luka Böyük Britaniya, ABŞ və AB tərəfindən sanksiyalara məruz qalır.
2024-cü ilin dekabrında Əsədin devrilməsindən sonra Luka yoxa çıxıb. BBC jurnalistləri onun tərk edilmiş Dəməşq mənzilində fotoşəkillər, sənədlər, mükafatlar və 155 telefon nömrəsi olan bir dəftər aşkar ediblər ki, bu da onlara keçmiş təhlükəsizlik məmurunu axtarmağa başlamağa kömək edib.
İstintaq zamanı jurnalistlər Lukanın keçmiş cangüdəni ilə əlaqə qurublar. Onun sözlərinə görə, rejimin son saatlarında Luka Dəməşqi müdafiə etmək üçün qalacağını bildirib, lakin tezliklə ofisindəki seyfdən külli miqdarda pul götürərək yoxa çıxıb. Jurnalistlər sonradan sürücüsünün onu paytaxtdan çıxarmış ola biləcəyini öyrəniblər.
Livan hökumətindəki mənbəyə görə, Luka saxta ad altında Rusiya pasportu ilə Livandan keçib və sonra Rusiyaya uçub. Rusiya xarici kəşfiyyatının mükafatları və yüksək vəzifəli Rusiya məmurunun Yeni il təbrik kartı da Lukanın Dəməşqdəki mənzilində tapılıb.
Daha sonra jurnalistlər Lukaya məxsus olan Rusiya telefon nömrəsini əldə ediblər. Söhbət zamanı xəttin digər ucundakı şəxs jurnalistlərin yalnız keçmiş Suriya təhlükəsizlik məmurunun bilə biləcəyinə inandığı sualları düzgün cavablandırıb. Luka daha sonra BBC ilə söhbətində şəxsiyyətini təsdiqləyib, lakin ona qarşı irəli sürülən ittihamların müzakirəsindən imtina edib.
"Mənim vəziyyətimdə telefonla danışmaq riskini daşıya bilmərəm", - deyə o, Rusiyada qalmasının şərtlərini deməkdən imtina edib.
BBC, həmçinin Luka ilə əlaqəli ikinci bir telefon nömrəsini əldə edib. 24 saat ərzində onu Moskvanın iki şəhərətrafı ərazisində tapa bilib. O, jurnalistlərin təkrar zənglərinə, mesaja cavab verməyib.
Suriyada Luka qəsdən adam öldürmə, işgəncə və işgəncə ilə ölümdə ittiham olunub. Ölkənin Baş prokuroru Həsən əl-Turba BBC-yə bildirib ki, Suriya hakimiyyəti onun ölkə daxilində həbs qərarı verib və bu qərarı beynəlxalq səviyyədə yaymaq üçün çalışır. Onlar, həmçinin onu və digər keçmiş yüksək vəzifəli rejim rəsmilərini tapıb ekstradisiya etməyə çalışırlar.
Luka ilə əlaqəli hadisələrdən biri 2015-ci ilin sentyabr ayında Homsda baş verən "Qurban bayramı qırğını"dır. Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, əl-Vaer məhəlləsinə edilən hücum nəticəsində 17 uşaq və 4 qadın da daxil olmaqla 28 nəfər həlak olub. Suriyalı fəallar və o dövrdəki müxalif nəşrlər Lukanın hücum hədəflərinin seçilməsində iştirakını iddia edirdi.
Suriyada Əsəd rejiminin süqutundan sonra keçmiş kəşfiyyat rəsmilərinin məsuliyyətə cəlb edilməsi tələbləri artıb. Lakin Lukanın Rusiyada olması onun ekstradisiyası perspektivlərini çətinləşdirir. Rusiya Əsəd rejiminin əsas müttəfiqlərindən biri idi və devrildikdən sonra keçmiş Suriya prezidentinə sığınacaq verib.
Rusiya hakimiyyəti Lukanın Moskvada olması və keçmiş Suriya təhlükəsizlik məmurunun ekstradisiyası ilə bağlı BBC-nin sorğusuna cavab verməyib. /Cebheinfo.az/