Ermənistanda keçmiş baş nazirin oğlu villasında HƏBS EDİLDİ – VİDEO


Ermənistanın keçmiş baş naziri Hovik Abrahamyanın oğlu, Ararat vilayətinin keçmiş rəhbəri və sabiq deputat Arqam Abrahamyan saxlanılıb.

Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, Arqam Abrahamyan 2023-cü ildə Yerevanda dini icmanın ruhani rəhbərinin qətlə yetirilməsini sifariş etməkdə şübhəli bilinir.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, 30 aprel 2023-cü ildə Yerevanın Myasnikyan prospektində yerləşən binalardan birinin girişində S.V. adlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi üzrə yeni faktlar əldə edilib.

İstintaqın versiyasına əsasən, qətlin sifarişçisi Arqam Abrahamyan olub. Onun S.V.-nin Abrahamyanın həyat yoldaşı E.T. ilə şəxsi münasibətlərinin olduğunu və qadından külli miqdarda pul aldığını düşündüyü bildirilir.

İstintaq hesab edir ki, Abrahamyan mümkün münasibətlərə görə qisas almaq məqsədilə S.V.-ni öldürmək qərarına gəlib. Lakin qətli şəxsən törətmək əvəzinə özündən maliyyə və şəxsi asılılıqda olan təhlükəsizlik əməkdaşı G.H.-yə tapşırdığı iddia olunur.

İş üzrə Abrahamyana qarşı “sifarişli qətlin törədilməsinə təhrik etmə” maddəsi ilə ictimai cinayət təqibinə başlanılıb.

O, avqustun 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məsələ məhkəməyə təqdim ediləcək.

Ermənistan İstintaq Komitəsi Arqam Abrahamyanın saxlanılmasına dair görüntülər də yayıb. Kadrlarda maskalı Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının onun evinə daxil olaraq Abrahamyanı saxladıqları görünür.

Hadisə Ermənistan mediasında geniş rezonans doğurub. Çünki saxlanılan şəxs keçmiş baş nazir Hovik Abrahamyanın oğludur. Arqam Abrahamyan eyni zamanda biznesmen və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın kürəkənidir.

Erməni mediasının yazdığına görə, söhbət 2023-cü ildə öldürülən şəxsin “Avetaranın iman xristianları” dini təşkilatının ruhani rəhbəri S.V. olmasından gedir. Qətldə şübhəli bilinən G.H. ilə bağlı cinayət işi artıq məhkəmədədir və onun vəkili müvəkkilinin ittihamı qəbul etmədiyini bildirib. Vəkilin sözlərinə görə, Arqam Abrahamyanın həmin hadisə ilə əlaqəsini təsdiqləyən faktların mövcudluğu da sual altındadır.

Bununla yanaşı, Ermənistan İstintaq Komitəsi Arqam Abrahamyanın qətlin sifarişçisi olması ilə bağlı istintaq versiyasının əsaslandırılması üçün faktiki məlumatların əldə edildiyini açıqlayıb.

Hazırda iş üzrə araşdırmalar davam edir və Abrahamyanın təqsiri məhkəmənin yekun qərarı ilə müəyyənləşməlidir.


MANŞET XƏBƏRLƏRİ