Süni intellektin həyatın bir çox sahəsində insan əməyini əvəz etməyə başladığı dövrdə onun hüquq sistemindəki rolu da müzakirə olunur. Artıq bəzi ölkələrdə süni intellektdən hüquqi araşdırmalar, sənəd təhlili və qərarverməyə dəstək məqsədilə istifadə edilir. Bəs gələcəkdə bu texnologiya məhkəmə proseslərində daha irəli gedərək “rəqəmsal şahid” kimi çıxış edə bilərmi? Süni intellektin təqdim etdiyi məlumatlar hüquqi sübut hesab oluna bilərmi və belə halda məsuliyyət məsələsi necə tənzimlənəcək?
Mövzu ilə bağlı hüquqşünas Müşviq Abbasov Demokrat.az-a bildirib ki, süni intellekt heç vaxt şahid qismində istifadə oluna bilməz:
"Çünki şahid kimi dindirilmənin əsas şərtlərindən biri hüquqi məsuliyyət məsələsidir. Məhkəmə və ya istintaq orqanı şahidi əvvəlcədən xəbərdar edir ki, yalan ifadə verməyə və ya ifadə verməkdən imtina etməyə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyət daşıyır.
Süni intellekti bu barədə xəbərdar etmək və onun təqdim etdiyi məlumatların tam doğru olduğuna əmin olmaq mümkün deyil. Əgər süni intellekt yanlış və ya həqiqətə uyğun olmayan məlumat təqdim edərsə, buna görə onu hüquqi məsuliyyətə cəlb etmək olmaz. Məhz bu səbəbdən süni intellektin şahid qismində çıxış etməsi hüquqi baxımdan mümkün görünmür",- deyə o qeyd edib.
Qeyd edək ki, süni intellekt Böyük Britaniyada ilk dəfə məhkəmə üçün sənədlər hazırlayıb. Londondakı prosesdə virtual hüquqşünasın tərtib etdiyi mükəmməl arqumentlər borc iddiaçısına tam qələbə qazandırıb. Əcnəbi ekspertlər bu texnologiyanın kiçik biznesi böyük vəkil xərclərindən xilas edəcəyini bildirirlər.