Son günlər bank kartlarından vəsaitlərin müxtəlif üsullarla çıxarılması ilə bağlı şikayətlərin sayı artmaqdadır.
Bir çox hallarda banklar baş verən hadisələri üçüncü şəxslərin müdaxiləsi və ya kiberdələduzluq cəhdləri ilə əlaqələndirsələr də, vətəndaşlar kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirirlər. Xüsusilə rəqəmsal ödənişlərin geniş təşviq olunduğu bir dövrdə insanların əsas sualı dəyişmir: əgər kartlarda saxlanılan vəsaitlər kifayət qədər qorunursa, niyə oğurluq halları davam edir?
Mövcud vəziyyət cəmiyyətdə bank sisteminə olan etimadın zəifləməsinə də səbəb olur. Bəzi vətəndaşlar artıq yığımlarını kart hesablarında saxlamağın nə dərəcədə təhlükəsiz olduğu barədə suallar səsləndirir, hətta nağd vəsait saxlamağa üstünlük verməyin daha etibarlı olub-olmadığını müzakirə edirlər.
Görəsən, hazırkı şəraitdə bank kartlarında pul saxlamaq həqiqətən risklidirmi və maliyyə qurumları müştərilərin vəsaitlərinin qorunması üçün hansı əlavə addımları atmalıdır?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Günay Hüseynova öz fikirlərini Turkustan.az-la bölüşdü.

Günay Hüseynova
Bank sektorunda təhlükəsizlik problemləri təəssüf ki, mütəmadi olaraq yaşanır. Belə hallarda isə banklar yaranmış problemlərə görə məsuliyyəti ya üçüncü şəxslərin, ya da vətəndaşın üzərinə yönəltməyə çalışırlar.
Təbii ki, əgər şəxs ona məxsus məxfi məlumatları üçüncü tərəfə ötürürsə, heç bir kibertəhlükəsizlik mexanizmi dələduzluğun qarşısını tam şəkildə ala bilməz. Lakin son günlər müşahidə olunan hadisələrin vətəndaşın öz məxfiliyini pozması ilə bağlı olduğunu düşünmürəm. Sosial şəbəkələrdə aparılan müşahidələr zamanı çoxsaylı və kütləvi şikayətlərin şahidi oluruq.
Dövlətin nağdsız ödənişləri təşviq etdiyi bir dövrdə bankların təhlükəsizlik səviyyəsinin yetərli olmaması bu sahəyə olan etimadı zəiflədir. El arasında deyilən kimi, “yastıq altı yığımların” sayı artır.
Mərkəzi Bankın sədri də müxtəlif çıxışlarında vurğulamışdır ki, dövriyyəyə daxil edilməyən və “yastıq altında” saxlanılan vəsaitlərin həcmi kifayət qədər böyükdür. Belə olduqda isə likvidlik azalır, pulun dövretmə sürəti zəifləyir və bu, iqtisadi aktivliyə mənfi təsir göstərir. Məhz buna görə düşünürəm ki, banklar mövcud təhlükəsizlik tədbirlərini yenidən qiymətləndirməli və daha effektiv mexanizmlər tətbiq etməlidirlər.
Mövcud şəraitdə bank kartlarında vəsait saxlamağın təhlükəli olub-olmamasına gəldikdə isə, əgər vətəndaşın başqa alternativi yoxdursa və öz yığımının təhlükəsizliyini yüksək səviyyədə təmin etmək imkanına malik deyilsə, banklar yenə də müəyyən mənada alternativ seçim olaraq qalır.
Məsələn, illərdir korrupsiyaya qarşı mübarizə aparılır və müxtəlif əməliyyatlar zamanı bəzi yüksək vəzifəli şəxslərin evlərindən külli miqdarda nağd pul vəsaiti aşkarlanır. Halbuki həmin şəxslər bu vəsaitləri bank hesablarında və ya başqa şəxslərin adına açılmış hesablarda saxlaya, hətta ölkə xaricinə çıxara bilərdilər. Əgər hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılmasaydı, həmin evlərdə saxlanılan vəsaitlərdən də heç kimin xəbəri olmayacaqdı.
Təəssüf ki, bizdə müəyyən mənada sistem tərsinə işləyir: daha böyük yığımlara malik olan şəxslər öz vəsaitlərinin təhlükəsizliyini təmin edərək onları evdə saxlamağa üstünlük verirlər, az və orta gəlirli insanlar isə bankların təhlükəsizlik sistemlərinə güvənmək məcburiyyətində qalırlar.
Aytən Yaşar/ Turkustan.az